Rusiyadan pul çıxarılmasına QADAĞA

04.02.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Rusiyada Prezident Putinin yeni  fərmanı ilə  Avrasiya İqtisadi Birliyi ölkələrinə nağd rubl və qızıl çıxarılmasına yeni məhdudiyyətlərin tətbiqi planlaşdırılır. 

"Cebheinfo.az" xəbər verir ki, layihəyə əsasən, 1 sentyabr 2026-cı ildən etibarən fiziki şəxslərin dəyəri 10 min dolları aşan nağd rublu ölkə xaricinə çıxarması halında vəsaitin mənbəyi barədə gömrük orqanlarına məlumat verməsi tələb olunacaq. Eyni qayda çəkisi 100 qram və daha çox olan qızıl külçələrinə də şamil ediləcək.

Layihədə qeyd olunur ki, rubl çıxarılması ilə bağlı əsas qadağa Avrasiya İqtisadi Birliyi ölkələrinə quru yolları və quru sərhəd-keçid məntəqələri vasitəsilə edilən keçidləri əhatə edir. Beynəlxalq hava limanları üzərindən çıxışlar isə istisnadır. Lakin bu halda da gömrük bəyannaməsinin doldurulması məcburidir. 

Bəyannamədə daşınan məbləğlə yanaşı, vəsaitin hansı mənbədən əldə edildiyi və hansı məqsədlə istifadə olunacağı da göstərilməlidir. Daşınan məbləğin 100 min dolları keçməsi vəziyyətində isə gəlir mənbəyini təsdiqləyən sənədlərin təqdim edilməsi tələb ediləcək.

Avrasiya İqtisadi Birliyinə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Moldova, Özbəkistan və Kuba isə müşahidəçi statusuna malikdir. Layihə yalnız fiziki şəxslərə şamil olunur. 

Hüquqi şəxslər və fərdi sahibkarlar üçün nağd rubl çıxarılmasına məbləğ məhdudiyyəti nəzərdə tutulmur, lakin bu əməliyyatların yalnız beynəlxalq hava limanları vasitəsilə və gömrük bəyannaməsi ilə həyata keçirilməsi şərt qoyulur. Kredit təşkilatları isə yeni qaydalardan kənarda saxlanılır.

Layihədə göstərilən əsaslandırmaya görə, bu addımlar qeyri-qanuni kapital axınının və çirkli pulların yuyulmasının qarşısını almağı hədəfləyir. Hazırda Rusiyadan nağd rublun ölkə xaricinə çıxarılması ilə bağlı hər hansı qanuni yuxarı hədd mövcud deyil.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью