Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Bu müddət ərzində dünyanın 191 ölkəsindən Azərbaycana ümumilikdə 1 milyon 831,8 min nəfər səfər edib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir ki, Azərbaycana gələnlərin ölkələr üzrə bölgüsündə Rusiya və Türkiyə ilk iki yerdə qərarlaşıb. Belə ki, hesabat dövründə ölkəyə gələnlərin 27,1 faizi Rusiya Federasiyasının, 19,4 faizi isə Türkiyənin payına düşüb. İran və Gürcüstan da Azərbaycana gələnlərin sayına görə əsas ölkələr sırasında yer alıb. Ümumilikdə gələnlərin 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi isə Qazaxıstanın vətəndaşları olub.
Digər ölkələr üzrə göstəricilər belədir: İsraildən gələnlər ümumi sayın 3,7 faizini, Pakistandan gələnlər 3,5 faizini, Özbəkistandan gələnlər 3,1 faizini, Çindən gələnlər 2,8 faizini, Hindistandan gələnlər 2,6 faizini, Səudiyyə Ərəbistanından gələnlər isə 2,4 faizini təşkil edib. Ukrayna vətəndaşlarının payı 1,6 faiz, Türkmənistan vətəndaşlarının payı 1,3 faiz olub. Almaniya və Böyük Britaniyanın hər birinin payına 1,1 faiz düşüb. Belarus vətəndaşları və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycana gələnlərin ümumi sayının 1 faizini təşkil edib. Digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payı 12,2 faiz olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana gələnlərin sayı ölkələr və regionlar üzrə fərqli istiqamətlərdə dəyişib. Belə ki, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə çatıb. MDB ölkələrindən Azərbaycana səfər edənlərin sayında da artım qeydə alınıb. Bu ölkələrdən gələnlərin sayı 4,3 faiz yüksələrək 699 min nəfər təşkil edib.
Rusiyadan Azərbaycana turist kimi gələnlərin daha çox olması nə ilə bağlıdır? Doğurdanmı onların hamısı turist statusu daşıyırlar?
Deputat, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov Musavat.com-a qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında tarixən sıx və dinamik miqrasiya mübadiləsi mövcud olub: “Rusiya Azərbaycana gələn miqrantların mənsub olduğu ölkələr arasında hər zaman birinci yerdə qərarlaşıb. Azərbaycanın digər ölkələrlə miqrasiya mübadiləsinin ən böyük hissəsini, müxtəlif dövrlərdə dəyişsə də, təxminən dörddə bir və ya beşdə birini Rusiya ilə olan miqrasiya mübadiləsi təşkil edib”.
Deputat bildirib ki, son zamanlar isə Rusiyadan Azərbaycana gələn şəxslərin sayında artım müşahidə olunur: “Bu artım mövsümi xarakter daşımır, əksinə, göstəricilərin dinamik şəkildə dəyişməsi və əsasən yüksəlməsi ilə özünü büruzə verir".
Deputatın fikrincə, bu məsələdə Rusiya-Ukrayna müharibəsinin təsiri böyükdür: “Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli iqtisadi və hüquqi müstəvidə yaranan çətinliklər də miqrasiya proseslərinə təsir göstərir. Xüsusilə hüquqi sahədə tətbiq edilən müəyyən məhdudiyyətlər insanların ölkəni tərk etməsinə səbəb ola bilir. Rusiyanın öz vətəndaşlarından danışırıqsa, burada müharibə ilə yanaşı, iqtisadi amillər də xüsusi əhəmiyyət daşıyır. Müharibə nəticəsində Rusiya ciddi iqtisadi sanksiyalarla üzləşib. Bu sanksiyalar fonunda xarici investorların yaratdığı bir sıra şirkətlər və özəl müəssisələr fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar. Nəticədə iş yerləri bağlanıb, həmin sahələrdə çalışan insanların gəlirləri azalıb”.
Onun sözlərinə görə, məsələn, tanınmış Qərb brendlərinin Rusiya bazarından çıxması, böyük tikinti şirkətlərinin fəaliyyətini dayandırması və nəticədə sənaye müəssisələrinin bağlanması ölkədə ciddi iqtisadi problemlərə yol açıb: “Bu, insanların maddi rifahına mənfi təsir göstərib və bir çoxlarını xarici ölkələrə üz tutmağa vadar edib. Nəticədə müharibənin ilk günlərində və aylarında çox sayda insan Rusiyanı tərk edib. 2022-ci ilin sonlarına yaxın artıq Rusiyanın təxminən 1,5 milyon vətəndaşının xarici ölkələrdə məskunlaşması ilə bağlı statistik məlumatlar yayılmışdı. Həmin dövrdə ölkələr üzrə təxmini göstəricilər də açıqlanmışdı. Sonrakı mərhələdə miqrasiya templəri müəyyən qədər zəifləsə də, ümumilikdə bu tendensiya davam edib. Doğrudur, prosesin sürəti azalıb. Çünki ölkəni tərk etmək istəyən əhalinin daha fəal hissəsinin böyük qismi bu niyyətini əvvəlki mərhələlərdə reallaşdırmışdı. Lakin sonradan səfərbərlik məsələsi də gündəmə gəldi. Bir neçə mərhələdə, bəzi hallarda məhdud və ya qismən şəkildə həyata keçirilən səfərbərlik tədbirləri də Rusiya vətəndaşlarının ölkəni tərk etməsinə səbəb oldu".
Deputat qeyd edib ki, 2026-cı ilin statistik göstəricilərində Rusiyadan Azərbaycana gələnlərin sayında artım qeydə alınması ölkəmizin getdikcə daha cəlbedici təyinat yerinə çevrildiyini göstərir: “Hazırda sosial şəbəkələrdə müxtəlif sahələri təmsil edən rusdilli şəxslərin fəallığını tez-tez müşahidə edirik. Onların bir çoxu paylaşımlarında və video müraciətlərində Rusiyadan Azərbaycana gəldiklərini bildirir, burada biznes qurduqlarını və ya müxtəlif xidmətlər göstərdiklərini qeyd edirlər. Rəqəmsal platformalarda Rusiyadan gələrək Azərbaycanda biznes fəaliyyətinə başlayan şəxslərin sayının artması onların bir qisminin ölkəmizə ən azı orta müddətə gəlmək niyyətində olduğunu göstərir. Üstəlik, gələnlərin arasında ailələri ilə birlikdə köçənlər də var. Bu isə onların Azərbaycanda daha uzun müddət qalmaq niyyətində olduqlarını deməyə əsas verir”.
Azər Allahverənovun fikrincə, Rusiyadan Azərbaycana miqrasiya yaxın perspektivdə də davam edəcək.