Rusiyalıların payız səyahətlərində Azərbaycan ilk beşlikdə

12.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Moskva, 12 avqust, AZƏRTAC

Azərbaycan payız mövsümündə rusiyalı turistlər arasında tələbatın ən çox artdığı xarici istiqamətlərin ilk beşliyinə daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə səyahətlərin planlaşdırılması üzrə “OneTwoTrip” xidmətinin apardığı araşdırmanın nəticələrində bildirilir.

2026-cı ilin payız mövsümü üçün Azərbaycandakı hotellərin bronlaşdırılmasının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artıb.

Tələbatın artımına görə ilk sırada Yunanıstan qərarlaşıb. Bu ölkədə bronlaşdırmaların sayı 109 faiz artıb. Sonrakı yerləri Kipr (100 faiz), Serbiya (75 faiz) və Türkiyə (60 faiz) tutur.

Rusiyalı səyahətçilərin ənənəvi Avropa istiqamətlərinə marağı isə əhəmiyyətli dərəcədə azalıb. İspaniyada hotellərin bronlaşdırılmasına tələbat 82 faiz, Almaniyada 73 faiz, Fransada 65 faiz, İtaliyada isə 59 faiz azalıb. Birləşmiş Ərəb Əmirliklərində bronlaşdırmaların sayı 74 faiz azalıb.

Ekspertlərin fikrincə, xarici istiqamət seçərkən rusiyalı turistlər yaşayış xərclərini, nəqliyyat əlçatanlığını və viza qaydalarını getdikcə daha çox nəzərə alırlar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью