Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əlcəzair Nigerə Ukraynanın iştirakı ilə hazırlanmış helikopterlər verib. Bu ölkələr Moskvadan “yan keçərək” əməkdaşlıq qurmağa başlayıblar.
Axar.az xəbər verir ki, bunu “Defense Express” hərbi portalının eksperti İvan Kiriçevski bildirib.
Qeyd olunub ki, avqustun əvvəlində Əlcəzair Nigerə iki ədəd “Mi-24 SuperHind Mk.III” zərbə helikopteri və iki ədəd Mi-171 helikopteri verib. Kiriçevski vurğulayıb ki, bu vəziyyətin xüsusiyyətlərindən biri də odur ki, “Mi-24 SuperHind Mk.III” helikopterləri sovet istehsalı Mi-24-lərin Cənubi Afrikanın ATE şirkəti tərəfindən modernləşdirilməsi nəticəsində yaradılıb. Bu layihəyə Ukraynanın müdafiə müəssisəsi “Avikon” da cəlb olunub.
“Mi-24 SuperHind Mk.III” orijinal versiyadan, xüsusilə silahlanma kompleksi ilə fərqlənir. Belə ki, burun hissəsindəki pulemyot qurğusunun əvəzinə 800 mərmi ehtiyatı olan 20 mm-lik avtomatik top quraşdırılıb. Həmçinin Cənubi Afrikada hazırlanmış, lazerlə idarə olunan və 5 min metrədək atəş məsafəsinə malik “İnqve” tank əleyhinə raketləri inteqrasiya edilib.
Helikopterlərin bort avadanlıqlarına burun hissəsindəki “kürə” formalı bölmədə yerləşdirilən lazer məsafəölçən, istilikölçən kamera və optik-elektron kamera daxil edilib. Bundan əlavə, helikopterlərin gövdələri müasir kompozit materiallardan istifadə edilməklə yenilənib.
Ekspertin sözlərinə görə, 1999–2004-cü illər ərzində Əlcəzair üçün 33 ədəd Mi-24 helikopteri modernləşdirilib. Bu ilin əvvəlinə olan məlumata görə, onlardan təxminən 30-u xidmətdə qalmışdı. Eyni zamanda, “Mi-24 SuperHind Mk.III”ni bu ailəyə aid helikopterlərin ən dərin modernizasiya variantı adlandırmaq olar.