​Rusiyanın Afrikadakı hərbi itkiləri Malidə yüzlərlə hərbçi itirib

25.11.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son üç il ərzində Malidə 349 rusiyalı hərbçi və “hərbi təlimatçı” həlak olub.

“AzPolitika” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) 2023-cü ilin sentyabrından 2026-cı ilin sentyabrına qədər olan dövrü əhatə edən sızdırılmış məlumat bazasını təhlil edərkən yazıb.

Nəşrin araşdırmasına görə, ölüm şəhadətnamələrində ölüm yeri kimi Mali göstərilən Rusiya vətəndaşlarının hamısı orta yaşlı kişilərdir. Onların əksəriyyətinin ölüm tarixi hökumət ordusu ilə silahlı üsyançılar arasında baş vermiş məlum döyüş toqquşmalarının tarixləri ilə üst-üstə düşür.

Məsələn, təkcə aprelin 25-də 43 rusiyalının ölümü qeydə alınıb. Həmin gün “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli JNIM silahlı qruplaşması və tuareqlərin “Azavad Azadlıq Cəbhəsi” tərəfindən birgə hücuma məruz qalan Kidal şəhərində, eləcə də Mali paytaxtı Bamakoda və Rusiyaya məxsus hərbi helikopterin vurulduğu Qao bölgəsində şiddətli döyüşlər baş verib.

Qərb mənbələrinin şərhlərinə görə, bu itkilər Rusiyanın Malidə yerləşdirdiyi bütün hərbi qüvvələrin 10 faizindən çoxunu təşkil edir. Rusiya Müdafiə Nazirliyi isə Afrikadakı itkiləri ilə bağlı rəsmi rəqəmləri açıqlamır.

Xatırladaq ki, rusiyalı hərbçilər Malidə 2021-ci ildə baş vermiş hərbi çevrilişdən və hazırkı prezident Assimi Qoitanın rəhbərlik etdiyi xuntanın hakimiyyətə gəlməsindən sonra yerləşiblər. Həmin vaxt Fransa qoşunları ölkədən çıxarılıb və Rusiya Mali hakimiyyətinin əsas xarici hərbi tərəfdaşına çevrilib. 

Əvvəlcə Malidə Yevgeni Priqojinin yaratdığı “Vaqner” qrupunun muzdluları fəaliyyət göstərib, 2025-ci ilin iyunundan isə komandanlıq Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan “Afrika Korpusu”na keçib. Britaniya kəşfiyyatı həmin dövrdə Malidəki rusiyalı hərbçilərin sayını təxminən iki min nəfər qiymətləndirirdi.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью