Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Əslində həm Rusiyanın, həm də Ukraynanın atəşkəsə ehtiyacı var. Bu, nəzəri baxımdan mümkündür. Lakin tərəflərin sərt mövqeyi bunu praktiki baxımdan reallaşdırmağı mümkünsüz edir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, hər iki xalq müharibədən doyub və onun başa çatmasını istəyir:
“Reallıq bundan ibarətdir ki, həm Rusiyada, həm də Ukraynada insanlar müharibədən doyublar. Onlar müharibənin başa çatmasını istəyirlər.
Bu da sirr deyil ki, müharibə hər iki ölkədə böyük dağıntılara, fəlakətlərə yol açıb. Hər iki dövlətin iqtisadiyyatı ağır vəziyyətə düşüb. İnsan itkiləri, maliyyə itkiləri də olduqca böyükdür. Belə olan halda atəşkəsin imzalanması yeni fəlakətlərin qarşısını ala bilər. Fəqət verilən bəyanatlara, səslənən çıxışlara, tərəflərin sərt mövqeyinə nəzər salanda, bu, heç də real görünmür. Bu səbəbdən də, yaxın gələcəkdə tərəflər arasında hansısa atəşkəsin imzalanması ehtimalı olduqca aşağıdır”.
Seymur ƏLİYEV