Rusiyanın eyham vurduğu dəyişiklik: NƏ OLACAQ?

07.08.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Cənubi Qafqazda vəziyyət İran-ABŞ münaqişəsinin təsiri altında dəyişə bilər və Azərbaycan da mövqeyini dəyişəcək”.

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa bildirib.

O, həmçinin Bakının Kiyevə silah tədarükçüsü olmayacağını da vurğulayıb.

"Düşünmürəm ki, Azərbaycan silah tədarükçüsü olacaq. Zənnimcə, yaxın gələcəkdə Qafqazdakı vəziyyət bir qədər dəyişəcək. Bu, ilk növbədə İran-ABŞ münaqişəsindəki inkişafla bağlıdır. Azərbaycan da fikirləşirəm ki, mövqeyini dəyişəcək, o cümlədən Ukrayna məsələsilə bağlı olaraq", - Çepa qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfər edib. O, ukraynalı həmkarı Andriy Sibiha ilə danışıqları məhsuldar adlandırıb.

O bildirib ki, Bakı və Kiyev dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlığa malikdir.

Maraqlıdır, Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Cənubi Qafqazda çox ciddi dəyişikliklər baş verməyəcək:

"Belə ki, Rusiyanın bölgədəki mövqeyi xeyli dərəcədə zəiflədiyindən, məhz Rusiya hazırda İran-ABŞ müharibəsinin nəticələrinə ümid edir. Hesab edir ki, bu müharibə nəticəsində bölgədə vəziyyət dəyişə bilər.

Hazırda ABŞ-nin bölgədə elə də ciddi bir rolu yoxdur, Rusiya sadəcə olaraq, bölgədə itirdiyi mövqeləri Amerikanın fəaliyyəti ilə əlaqələndirməyə çalışır".

O qeyd edib ki, Azərbaycanın Ukrayna ilə bağlı mövqeyinin dəyişməsinə gəlincə isə burada rusiyalı mütəxəssis yanılır:

“Söhbət ondan gedir ki, Azərbaycan prinsipial, yəni dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi məsələlərdə heç zaman mövqeyini dəyişməyib və dəyişməyəcək.

Bu gün Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu siyasətin dəyişəcəyini qətiyyən düşünmürəm. Bu, bizim üçün prinsipial məsələdir, necə deyərlər, qırmızı xəttimizdir".

O bildirib ki, Azərbaycanın silah tədarükü ilə bağlı səsləndirilən iddialar isə əsassızdır:

"Azərbaycanın Ukraynaya silah tədarük etmir, bu bir iftiradır və Azərbaycanla bağlı müəyyən rəy formalaşdırmağa yönəlmiş iddiadır. Çünki Azərbaycan savaşdan yeni çıxmış, amma savaşı tam bitirməmiş ölkə sayıla bilər. Belə ki, Ermənistanla yekun sülh müqaviləmiz hələ imzalanmayıb.

Bu baxımdan, Azərbaycan bölgədə və dünyada baş verən prosesləri nəzərə alaraq öz hərbi gücünü artırmaqla məşğuldur. Bu addımlar sırf özünümüdafiə məqsədilə həyata keçirilir".

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan indiyədək Ukraynaya yalnız humanitar dəstək verib və Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib:

“Ukrayna ilə hər hansı hərbi əməkdaşlıq məsələsi isə gündəmdə deyil. Bu gün heç kimə sirr deyil ki, Ukrayna Prezidentinin aprel ayında Bakıya səfəri zamanı iki ölkə arasında hərbi sənaye sahəsində müəyyən əməkdaşlıq məsələləri müzakirə olunub”.

Oqtay Qasımov vurğulayıb ki, Azərbaycan Ukraynanın hərbi texnologiya təcrübəsi ilə maraqlanır:

"Biz Ukraynanın bu müharibədə qazandığı təcrübə ilə tanış olmaq istəyirik. Xüsusilə dron və antidron sistemləri sahəsində əldə etdiyi uğurları öyrənmək və bu istiqamətdə əməkdaşlıq etmək istəyirik. Məhz məsələ bundan ibarətdir.

Qeyd edim ki, Cənubi Qafqazda vəziyyətin dəyişməsi, şübhəsiz ki, ilk növbədə bölgə dövlətlərinin özündən asılıdır. Rusiya ümid edir ki, onun Cənubi Qafqazda zəifləmiş mövqelərini İran doldura bilər. Hesab edirəm ki, bu, o qədər də real görünən ehtimal deyil". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Cənubi Qafqaz Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью