Rusiyanın İrəvan planı: Nə qədər ki, Paşinyan güclüdür…

29.01.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Ermənistanda Baş nazir Nikol Paşinyan iqtidarına müxalif yeni siyasi partiya yaradılıb.

Erməni sahibkar, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın təşəbbüsü ilə yaradılan “Bizim Tərzimizlə” hərəkatı siyasi qüvvə kimi qeydiyyatdan keçib.

Bildirək ki, yeni partiya SamvelKarapetyanın ailəsi tərəfindən yaradılmış "Bizim yolumuz" hərəkatı əsasında yaradılıb. Partiya dekabrın 8-də təsis olunub və əvvəlcə "Erməniyönümlü" adlandırılıb.

2026-cı il yanvarın 16-da adı "Güclü Ermənistan" olaraq dəyişdirilib. Hərəkatın mətbuat katibi Marianna Qəhramanyan bildirib ki, Samvel Karapetyanın rəhbərlik etdiyi qüvvənin təşkilati işləri yekun mərhələdədir. Yaxın vaxtlarda siyasi qüvvə konkret gündəmlə çıxış edəcək və Ermənistanın inkişafı ilə bağlı öz baxışını təqdim edəcək.

Xatırladaq ki, Samvel Karapetyan ruhanilərlə hökumət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra, 2025-ci ilin iyun ayında həbs edilib.

Sonradan iş adamına qarşı “vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması” ittihamı ilə yeni cinayət işi açılıb.

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, hazırda Ermənistanda Paşinyana alternativ olan siyasi qüvvə yoxdur.

“Çoxpartiyalı cəmiyyətlərdə yeni əsası qoyulan partiyanın qısa müddətdə güclənməsi və ya seçkilərdə uğur qazanması yalnız istisna hallarda baş verir. Ermənistanda belə bir halın baş verməsi üçün siyasi və iqtisadi vəziyyət mövcud deyil.

Bu baxımdan Ermənistanda yeni yaradılan partiyanın hər hansı ad altında fəaliyyət göstərməsinə baxmayaraq, onun yaxın zamanda keçiriləcək seçkilərdə uğur qazanması inandırıcı görünmür. Bu kimi məsələlərdə xüsusi gerçəkliyi də diqqətdən qaçırmaq olmaz.

Bu gerçəklik ondan ibarətdir ki, bütün postsovet ölkələrində, xüsusilə Cənubi Qafqaz ölkələrində təhlükəsizlik məsələsi bütün məsələlərin önündə gedir. Demək olar ki, bu, prioritet hesab olunur. Nə qədər ki, sözügedən regionda təhlükəsizliklə bağlı məsələlərə diqqət azalmayıb, digər - sosial-iqtisadi rifah və azad cəmiyyətin təmin olunması ilə bağlı məsələlərin önə çıxması qeyri-mümkündür.

Ermənistanın özündə də yaxşı anlayırlar ki, hazırda ölkənin təhlükəsizliyinin faktika olaraq, zəmanətçisi hazırkı Baş nazir Nikol Paşinyandır. Azərbaycanla sülhün bərqərar olunması və münasibətlərin normallaşması Ermənistanın təhlükəsizliyinə müsbət təsir göstərən mühüm amildir. Əgər bu format dağılarsa, vəziyyət mənfiyə doğru dəyişəcək. 

Təbii ki, belə bir halda Ermənistanın sabitliyi təhlükə altında olacaq. Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinə alternativ siyasi qüvvə yoxdur. Növbəti seçkilərə qədər ciddi siyasi bir hadisə baş verməsə, Paşinyanın partiyası bu seçkilərdə də qələbə qazanacaq”. 

Yunis Abdullayev
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью