Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Rusiyanın Volqoqrad vilayətinin Mixaylovka şəhərində sentyabrın 15-nə keçən gecə ölkənin ən böyük sement istehsalçılarından biri olan “Sebryakovsement” zavodunun ərazisində güclü partlayışlar baş verib.
Hadisədən əvvəl vilayətdə pilotsuz uçuş aparatları və raket təhlükəsi ilə bağlı hava həyəcanı elan edilib. Rusiya Fövqəladə Hallar Xidmətinin məlumatlarına əsasən, bölgənin səmasında bir neçə dəfə PUA qrupları qeydə alınıb.
Şahidlərin yaydığı görüntülərdə zavod ərazisindən güclü tüstünün qalxdığı görünür.
Ukraynanın monitorinq kanalı Exilenova+ partlayışların müəssisənin 5 saylı sement sobası yaxınlığında baş verdiyini yazıb. Bu, zavodun əsas texnoloji xətlərindən biridir.
Rusiya daxilindəki bəzi kanallar hadisə nəticəsində iki nəfərin öldüyünü iddia edib. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. Volqoqrad vilayətinin yerli hakimiyyət orqanları hadisə ilə bağlı açıqlama verməyib.
Rusiya Müdafiə Nazirliyinin gecə ərzində baş verən PUA hücumları ilə bağlı yaydığı məlumatda isə Volqoqrad vilayətinin adı çəkilməyib.
Zavod Rusiyanın sement istehsalında böyük paya malikdir
“Sebryakovsement”in öz məlumatına görə, müəssisənin illik istehsal gücü 4 milyon tondan çox sement və 3 milyon ton klinker təşkil edir.
Zavodda təxminən 1500 nəfər çalışır.
Müəssisə Rusiyanın sement istehsalının təxminən 6 faizini təmin edir.
“Sebryakovsement”in məhsullarından ölkənin iri infrastruktur layihələrində, o cümlədən Volqa və Kuybışev SES-lərinin, Baykonur kosmodromunun və “Atommaş” zavodunun tikintisində istifadə olunub.