Rusiyanın “Qiyamət” təyyarəsi Tehranda

19.02.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

Rusiyanın “qiyamət” təyyarəsi kimi tanınan xüsusi təchizatlı “Tupolev”in İranda görünməsi ilə bağlı iddialar bölgədə gərginliyi artırıb. Bu tip təyyarələr nüvə və ya genişmiqyaslı müharibə şəraitində liderlərin təhlükəsizliyini təmin etmək, həmçinin havadan komandanlıq və nəzarəti həyata keçirmək üçün nəzərdə tutulub.

Reyting.az xəbər verir ki, mütəxəssislərin fikrincə, “Tupolev” təyyarəsinin İranda görünməsinin məqsədi ölkənin ali lideri Əli Xamnəini təhlükəsiz əraziyə köçürmək, Rusiya rəsmilərinin İrana səfərini təmin etmək və ya mümkün elektron müharibə hücumları fonunda İranın idarəetmə sistemlərinə texniki dəstək vermək ola bilər.

Qeyd olunur ki, nüvə müharibəsi ssenariləri üçün hazırlanmış və yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilmiş bu cür hava komandanlıq mərkəzlərinin Tehranda görünməsi mümkün böhran planlaşdırması ilə bağlı suallar doğurur.

Araşdırmaçı jurnalist Zəki Gümüş təyyarənin İranda mövcudluğunu fövqəladə hadisə kimi qiymətləndirib. O bildirib ki, “qiyamət” təyyarələri liderlərin təhlükəsiz daşınması və nüvə və ya genişmiqyaslı müharibə şəraitində havadan komandanlıq funksiyalarının icrası üçün nəzərdə tutulur. Gümüş qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin də oxşar təyyarədən istifadə edir. Onun sözlərinə görə, ABŞ-da da eyni konsepsiyaya əsaslanan hava komandanlıq mərkəzləri mövcuddur.

Z. Gümüşün fikrincə, təyyarənin Tehranda görünməsi bir neçə ehtimalı gündəmə gətirir: kritik şəxslərin İrandan təhlükəsiz bölgəyə köçürülməsi, Rusiyadan yüksək rütbəli hərbi və ya siyasi nümayəndələrin İrana səfəri və ya təyyarənin mobil komandanlıq mərkəzi kimi istifadəsi.

İran lideri Əli Xamnəinin sui-qəsd təhlükəsi ilə üzləşdiyi və təhlükəsizlik səbəbindən yerinin gizli saxlanıldığı iddialarına toxunan Gümüş əlavə edib: “Bu təyyarə Xamnəini təhlükəsiz yerə aparmaq üçün gələ bilərmi? Bu mümkündür. Lakin hazırkı mərhələdə bunların hamısı fərziyyə xarakteri daşıyır”.

Araşdırmaçı alim Serkan Gündoğdu isə məsələni daha çox texniki və hərbi aspektdən dəyərləndirib. O bildirib ki, bu tip təyyarələr elektromaqnit hücumlara və elektron müharibə vasitələrinə qarşı yüksək qorunma qabiliyyətinə malikdir. Gündoğdunun sözlərinə görə, mümkün ABŞ əməliyyatı ssenarisində İranın radar, raket və rabitə sistemlərinin hədəfə alınması ehtimalı da nəzərdən keçirilə bilər.

E. KAMAL


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью