Apa.az saytına istinadən Icma.az xəbər verir.
Fevralın 3-nə keçən gecə Ukraynanın enerji sisteminə qarşı həyata keçirdiyi kütləvi hava zərbəsi Rusiyaya 324 milyon dollara başa gəlib.
APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, hücum zamanı Rusiya ordusu 562 müxtəlif hava hücumu vasitəsindən istifadə edib. Bu raketlər arasında "İskəndər" və RM-48U ballistik raketləri, "Sirkon" və "Oniks" hipersəs sürətli raketləri, X-101 və X-32 qanadlı raketləri yer alır.
Bundan əlavə, Ukraynaya "Qeran" və "Harpia" dronları ilə də zərbələr endirilib.
Rusiyanın tətbiq etdiyi silahların ümumi dəyəri 324,8 milyon dollar olub. Bu rəqəm 20 yanvar tarixində həyata keçirilən kütləvi zərbə ilə müqayisədə 190 milyon dollar daha çoxdur.
Bildirilir ki, Rusiya tərəfindən göndərilən hava hücumu vasitələrinin 79,2%-i (450 ədəd) Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.