Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük Britaniyada Rusiyanın xeyrinə casusluq etmək ittihamı ilə saxlanılan 41 yaşlı ABŞ hərbçisi Amerika Birləşmiş Ştatları ordusuna təhvil verilib.
“Qafqazinfo”nun xəbərinə görə, London Metropolitan Polisinin yaydığı rəsmi açıqlamada bildirilir ki, 10 noyabrda İngiltərənin Qlosterşir bölgəsində Terrorla Mübarizə Polisi (CTP) tərəfindən həbs edilən şübhəli ilə bağlı ilkin istintaq tədbirləri yekunlaşıb.
CTP direktorunun müavini Lorens Teylor məsələ ilə bağlı açıqlamasında polis araşdırmalarından sonra işin prokurorluğa təqdim edildiyini və Britaniya prokurorlarının prosesi amerikalı həmkarları ilə koordinasiyalı şəkildə müzakirə etdiyini bildirib. İddiaların son dərəcə ciddi olduğunu vurğulayan Teylor şübhəlinin məxfi məlumatları əldə etmək, yaymaq və xarici kəşfiyyat xidmətinə yardım göstərməkdə ittiham olunduğunu qeyd edib. Əməliyyat çərçivəsində Qlosterşirdəki iki ünvanda axtarışlar aparılıb.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patel hadisəyə sərt münasibət bildirərək, ölkəsinə xəyanət edən və milli təhlükəsizliyi təhdid altına atan şəxslərə qarşı heç bir güzəştin olmayacağını bəyan edib. Onun sözlərinə görə, sözügedən hərbçi FTB, Britaniyanın daxili kəşfiyyat xidməti (MI5), Terrorla Mübarizə Polisi, Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat bölməsi və ABŞ ordusunun Əks-kəşfiyyat Komandanlığının birgə əməkdaşlığı nəticəsində yaxalanıb.