Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkədə nağd pula tələbat son 30 ilin ən yüksək səviyyəsinə yüksəlib.
Təkcə may ayında dövriyyədəki nağd pulun həcmi 381,2 milyard rubl artıb. Bu göstərici 1995-ci ildən bəri aparılan statistikada may ayı üzrə qeydə alınan ən yüksək nəticə hesab olunur.
"Cebheinfo.az" xəbər verir ki, 2026-cı ilin yanvar-may ayları ərzində nağd pula tələbat ümumilikdə 1,09 trilyon rubl artıb. Bu rəqəm yalnız pandemiyanın başladığı 2020-ci ilin eyni dövründə qeydə alınan 1,39 trilyon rubl göstəricisindən geri qalır.
Rusiya Mərkəzi Bankı nağd pula tələbatın artmasını iki əsas amillə izah edib:
İnternet kəsintisi: Müxtəlif bölgələrdə internetə çıxışla bağlı problemlər vətəndaşların ehtiyat olaraq nağd pul saxlamaq istəyini artırıb. Xüsusilə ölkənin cənub bölgələrində və paytaxtda son həftələrdə pilotsuz uçuş aparatlarının hücumları səbəbindən mobil internet və rabitə xidmətlərində fasilələr yaşanıb.
Vergi artımı: Müəssisələrin 2026-cı ildən qüvvəyə minəcək yeni vergi qaydalarına uyğunlaşmaq cəhdləri də nağd pula marağı artırıb. Bildirilir ki, artan vergi yükü fonunda bəzi şirkətlər vergi bazasını azaltmaq məqsədilə ödənişləri nağd şəkildə həyata keçirməyə üstünlük verirlər.
Mərkəzi Bankın statistikası göstərir ki, nağd pula tələbat ardıcıl üçüncü aydır artır. Xüsusilə iri şəhərlərdə bankomatlardan pul çıxarılması əməliyyatlarında nəzərəçarpacaq yüksəliş müşahidə olunur.
Nağd pula marağın rekord səviyyəyə çatmasına baxmayaraq, Rusiya Mərkəzi Bankı daha əvvəl pərakəndə ödənişlərdə nağdsız əməliyyatların payının 90 faizə yüksəldiyini açıqlayıb.
Bu göstərici Rusiyada rəqəmsal ödəniş sistemlərinin sürətlə yayılmağa davam etdiyini göstərsə də, qeyri-müəyyənlik və risklərin artdığı dövrlərdə vətəndaşların daha etibarlı vasitə kimi yenidən nağd pula üstünlük verdiyini ortaya qoyur.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin