Icma.az bildirir, Modern.az portalına istinadən.
Rusiyanın Belqorod şəhərinin keçmiş meri və Belqorod vilayətinin sabiq vitse-qubernatoru Konstantin Polejayev Ukraynadakı müharibədə həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “Fonar” nəşri məlumat yayıb.
Bildirilib ki, 53 yaşlı sabiq məmur pilotsuz uçuş aparatının hücumu nəticəsində ölüb.
Konstantin Polejayev 2015–2019-cu illərdə Belqorod şəhərinin meri vəzifəsində çalışıb. Daha sonra vilayət qubernatorunun müavini təyin olunub. O, bu vəzifədə olarkən Şebekino və Novaya Tavoljanka yaşayış məntəqələrinin bərpasına da cavabdehlik daşıyıb.
Polejayev 2023-cü ildə vəzifəsindən azad edilib, bir müddət sonra isə rüşvət işi üzrə saxlanılıb. O, 2024-cü ildə məhkəmənin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum olunub.
Bundan sonra keçmiş məmur Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynadakı döyüşlərə göndərilib.