Rütte:Güclü Avropa güclü NATO deməkdir

06.07.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 6 iyul, AZƏRTAC

Biz Arkanzasdan Ankaraya qədər geniş məkanda müdafiə sektoruna investisiyalar yolu ilə NATO ölkələrini gücləndirməkdə qərarlıyıq.

AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte Ankarada Alyansın 36-cı Dövlət və Hökumət Başçıları sammitinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, NATO-nun Ankaradakı sammitinin iştirakçıları öhdəliklərin yerinə yetirilməsinə diqqət yetirəcəklər.

“Keçən il Haaqada çox şeyə nail olduq və indi razılaşmaları həyata keçirməliyik. Bütün NATO ölkələri müdafiə xərclərinin ÜDM-in 5 faizi hədəfinə nail olması istiqamətində irəliləməlidirlər”,- deyə o qeyd edib.

NATO-nun baş katibi, həmçinin Ankaranın alyans üçün əhəmiyyətini vurğulayıb.

“Türkiyənin NATO-dakı liderliyi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Müdafiə sənayesi sayəsində Türkiyə bir çox digər NATO müttəfiqlərinə dəstək göstərir”, - deyə Rütte əlavə edib.

Baş katib Ukraynanın dəstəklənməsi məsələsinə də toxunub: ”Daha çox resursumuz və bazamız olacaq. Rusiya təhdidinə hazır olmalıyıq. NATO çəkindirmə potensialını gücləndirməlidir”.

O, həmçinin NATO modelinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. “Əvvəllər Şimali Atlantika Alyansı ABŞ-dən asılı idi. Köhnə struktur artıq qala bilməz. Güclü Avropa güclü NATO deməkdir. Biz birlikdə daha güclüyük”, - deyə M.Rütte alyans ölkələrinin qlobal iqtisadiyyatın təxminən üçdə ikisini təşkil etdiyini xatırladıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью