Icma.az, Moderator.az saytına istinadən bildirir.
"Rütte Tramp-NATO böhranını müvəqqəti söndürdü, amma alyansı daha dərin parçalanma riski ilə üz-üzə qoydu..."
NATO-nun baş katibi Mark Rütte Donald Trampla bağlı ən təhlükəli böhranlardan birini - Qrenlandiya ilə bağlı hədələrini diplomatik manevrlərlə neytrallaşdıra bilib.
Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.
Lakin bu uğur alyans daxilində yeni və daha dərin fikir ayrılıqlarını üzə çıxarıb. Rütte Trampı açıq qarşıdurmadan çəkindirsə də, Avropada onun strategiyasının NATO-nu zəiflədə biləcəyinə dair narahatlıq sürətlə artır.
NATO-nu qorumağın yeganə yolu, yoxsa təhlükəli güzəşt?
Nəşr vurğulayır ki, Rütte Trampın emosional və qeyri-ənənəvi siyasi davranışını yaxşı anlayır və məhz buna uyğun taktika seçir. Açıq tərif, şəxsi münasibətlər və ictimai yumşaqlıq onun əsas alətləridir. Bu yanaşma Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı ritorikasını geri çəkməsinə və NATO-ya qarşı daha sərt addımlardan müvəqqəti imtina etməsinə gətirib çıxarıb.
Lakin alyans daxilində bir çox diplomat hesab edir ki, bu, sadəcə "yara üzərinə yapışdırılan plastırdır". Onların fikrincə, Trampa bu cür loyal münasibət onu gələcəkdə daha da cəsarətləndirə, NATO-nun daxili qaydalarını və əsas prinsiplərini faktiki olaraq sarsıda bilər. Xüsusilə də kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddənin əvvəllər Tramp tərəfindən şübhə altına alınması Avropada ciddi etimad böhranı yaradır.
Birlik qorunur, amma hansı qiymətə?
Rütte Avropa Parlamentində çıxışı zamanı açıq şəkildə bildirib ki, ABŞ olmadan Avropanın özünü müdafiə edə biləcəyini düşünənlər "yalnız xəyal qurur". Onun sözlərinə görə, bu halda Avropa müdafiə xərclərini ÜDM-in 10 faizinə qədər artırmalı, hətta öz nüvə silahını əldə etməli və "milyardlarla avro" xərcləməli olar.
Bu açıqlamalar Avropada kəskin reaksiya doğurub. Fransadan olan siyasətçilər və diplomatlar Rütteni "Tramp fanatizmi"ndə ittiham edir və Avropanın təhlükəsizlik baxımından daha müstəqil olmasının vacibliyini vurğulayırlar.
"Politico" yazır ki, məhz bu məqam NATO daxilində getdikcə dərinləşən çat xəttini açıq şəkildə üzə çıxarır: bir tərəfdə Trampı razı salmaqla alyansı qorumağa çalışan Rütte, digər tərəfdə isə bu strategiyanın NATO-nu uzunmüddətli perspektivdə zəiflədəcəyindən ehtiyatlanan Avropa paytaxtları.
Nəticə etibarilə, Qrenlandiya böhranı müvəqqəti olaraq aradan qaldırılsa da, Rüttənin seçdiyi yol NATO-nun gələcəyi ilə bağlı sualları daha da kəskinləşdirib. Bir NATO diplomatı bunu belə ifadə edir: alyans naminə Trampa "yarınmaq" başa düşüləndir, amma əsas sual budur - bu strategiyanın harada bitəcək.