Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Saathesabı əməkhaqqı məsələsi hazırda hökumətə təqdim olunub və müzakirə mərhələsindədir.
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda keçirilən mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, saathesabı əməkhaqqı sisteminə keçid mərhələli şəkildə nəzərdə tutulur.
Vəli Quliyev qeyd edib ki, saathesabı və aylıq minimum əməkhaqqı formaları paralel olaraq saxlanılacaq. Bildirilib ki, bəzi ölkələrdə həm saathesabı, həm də aylıq minimum əməkhaqqı tətbiq olunur, bəzilərində isə yalnız saathesabı minimum əməkhaqqı mövcuddur.
Xidmət rəisinin sözlərinə görə, saathesabı minimum əməkhaqqı sistemi ikinci mərhələyə keçid üçün nəzərdə tutulub. Natamam əmək müqaviləsi ilə çalışan şəxslər, eləcə də bir aya qədər müddətə əmək müqaviləsi bağlayan işçilər üçün saathesabı əmək müqavilələrinin tətbiqi planlaşdırılır. Bu kateqoriyaya aid olan işçilər üçün həftəlik saathesabı sistemin tətbiqi nəzərdə tutulur.
Qeyd olunub ki, məsələ ilə bağlı hökumətlə müzakirələr davam edir və məqsəd hər iki sistemin qanunvericilikdə əksini tapmasıdır.