Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Rayonda meyvəçiliyin inkişafı məhsul bolluğu yaradır
Kənd təsərrüfatı ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olmaqla yanaşı, regionların iqtisadi inkişafında da mühüm rol oynayır. Müasir dövrdə aqrar sahədə yeni texnologiyaların tətbiqi, iqlim və torpaq göstəricilərinin elmi əsaslarla təhlili, bazarın tələbatına uyğun məhsul istehsalı kənd təsərrüfatında yeni imkanlar yaradır.
Saatlı rayonunda fəaliyyət göstərən “ŞahBağ” fermer təsərrüfatının təcrübəsi də bu baxımdan maraq doğurur. Təsərrüfatda əsas diqqət erkən yetişən meyvə sortlarının və beynəlxalq bazarın tələbatına uyğun olan meyvələrin becərilməsinə yönəldilib.
Təsərrüfatın rəhbəri Emin Bağırovun kənd təsərrüfatına marağı heç də təsadüfi deyil. Onun bu sahə ilə bağlılığı 1990-cı illərin ortalarından başlayıb. Həmin dövrdə Avropa İttifaqının kənd təsərrüfatı üzrə həyata keçirdiyi layihədə koordinator kimi fəaliyyət göstərən mütəxəssis aqrar sektorun böyük potensiala malik olduğunu görüb. Təsərrüfat başçısı deyir ki, ümummilli lider Heydər Əliyevin böyük bir uzaqgörənliklə ölkəmizdə təməlini qoyduğu aqrar inkişafın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi fermerləri ruhlandırır.
Beynəlxalq təşkilatların əməkdaşı kimi müxtəlif layihələrdə iştirak edən fermer ölkəmizin qeyri-neft sektorunun perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmaların da iştirakçısı olub. Həmin araşdırmalarda turizm və kənd təsərrüfatı ölkənin böyük potensiala malik əsas istiqamətləri kimi qiymətləndirilib. Kənd təsərrüfatının bu siyahıda ön sıralarda yer alması isə onun yaddaşında xüsusi iz buraxıb.
“ŞahBağ” fermer təsərrüfatının məhz Saatlıda 100 hektar sahədə yaradılması da konkret araşdırmalara əsaslanıb. Təsərrüfatda ərazinin seçilməsi zamanı iqlim, torpaq və digər göstəricilər nəzərə alınıb. Bu məlumatların təhlilində süni intellekt imkanlarından da istifadə olunub. Qarşıya qoyulan əsas sual erkən yetişən meyvələrin becərilməsi üçün Azərbaycanın hansı ərazilərinin daha əlverişli olması ilə bağlı olub. Təhlillər nəticəsində birincilər sırasında yer alan Saatlı rayonunda aprel-may aylarında yağıntının nisbətən az olması diqqəti cəlb edib. Hazırda 40 hektarda çəyirdəkli meyvələr, 45 hektarda isə nar yetişdirilir.
“ŞahBağ”da bu il ilk ərik məhsulunun əldə edilməsi təsərrüfat üçün mühüm mərhələ olub. Məhsul may ayının əvvəlində yığılıb və ilkin olaraq yerli marketlərə təqdim edilib. İlk nəticələrin uğurlu olması fermerləri daha erkən yetişən sortların sınaqdan keçirilməsinə həvəsləndirib. Əsas məqsəd əksər məhsulu aprelin sonlarında yerli və beynəlxalq bazara çıxarmaqdır. Artıq Avropa ölkələri ilə yanaşı, ABŞ və Kanadadan da sifarişlər alınır.
Təsərrüfatın fəaliyyətində xarici mütəxəssislərin təcrübəsindən istifadəyə də üstünlük verilir. E.Bağırov deyir ki, Azərbaycanda fəaliyyət göstərən və gilasçılıq sahəsində beynəlxalq təcrübəyə malik ispan aqronomun Aran bölgəsinə səfəri zamanı Saatlıda bağçılığın inkişaf perspektivləri ilə bağlı müsbət fikirlər səsləndirməsi yerli fermerlər üçün də maraqlı olub. Onun sözlərinə görə, mütəxəssisin hətta İspaniyadakı bağını sataraq Azərbaycanda bağçılıq təsərrüfatı yaratmaq istəməsi isə Aran bölgəsinin potensialına verilən qiymət kimi dəyərləndirilir. Heç şübhəsiz, belə təşəbbüslər həm də xarici investisiyaların aqrar sahəyə cəlb olunması baxımından əhəmiyyətlidir.
“ŞahBağ” fermer təsərrüfatının qarşıdakı dövr üçün əsas hədəfləri daha erkən yetişən meyvə sortlarının sınaqdan keçirilməsi, məhsuldarlığın artırılması və məhsulların həm daxili, həm də xarici bazarlara çıxarılmasıdır. Burada əsas məsələ düzgün sort seçimi, müasir aqrotexniki üsullar, iqlim göstəricilərinin nəzərə alınması, məhsulun keyfiyyətinin qorunması və bazara vaxtında çatdırılması bir-birini tamamlayan amillərdir.
Saatlı rayonunun timsalında ortaya çıxan bu təcrübə göstərir ki, Aran bölgəsinin aqrar potensialından daha səmərəli istifadə etmək üçün ənənəvi yanaşmalarla bərabər, elmi məlumatlar, müasir texnologiyalar və dövlətin yüksək dəstəyi də mühüm rol oynayır. Erkən yetişən meyvələrin bazara digər rayonların və ölkələrin məhsulundan əvvəl çıxarılması isə fermerlər üçün yeni rəqabət üstünlüyü yaradır. Bu, həm də rayonu erkən meyvəçilik üzrə ixtisaslaşmış əsas ərazilərdən birinə çevirəcək.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Saatlı