Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cəmil Camal qazsızlıq problemindən danışaraq bildirib:
“Kənddə qaz yoxdur. Qışda insanlar çox əziyyət çəkirlər. Meşə də yoxdur. Əvvəllər, heç olmasa, şəhərdə sökülən köhnə binaların taxta-şalbanını satırdılar. İndi o da yoxdur. İnsanlar qışda donmamaq üçün məcbur olub, öz həyətlərində əkdikləri ağacları kəsmək istəyirlər, amma gəlib cərimələyirlər. İcazə vermirlər. Cərimə adı ilə vətəndaşları soyurlar.
Saatlı rayonunun 10 kəndi hələ də qazlaşdırılmayıb. Onlardan dördü qonşu kəndlərimiz - Nəsimikənd, Soltanabad, Mircəlal və Sımadadır. Qalan kəndlər Arazın o biri tərəfində yerləşir.
Bizim kənddə təxminən 4200 nəfər əhali yaşayır. O biri üç kənddə isə ümumilikdə azı 10 min nəfər əhali var. Vaxtilə asfaltlanan yol da artıq dağılıb”.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sorğu ünvanladıq.
Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Ölkə üzrə qazlaşmayan kəndlərin və yeni yaşayış massivlərinin qazlaşdırılması SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin gündəliyində duran məsələlərdən biridir. Qazlaşma proqramı Birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Qeyd edilən ərazilərə gəldikdə isə, sözügedən yaşayış məntəqələrinə küçə qaz xətlərinin çəkilişi işlərinə növbəti mərhələlərdə baxıla bilər”.
Günel Həsənova, Bizimyol.info