“Sabah” ÇL də debüt etdi, stadion dolmadı! “Nyu Seynts” “Qarabağ” deyil

09.07.2026

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Sabah” – “Nyu Seynts” matçı həm də azarkeşlərlə bağlı ciddi problemi yenidən gündəmə gətirdi. Bilindiyi kimi, Masazır təmsilçisi bu turnirdə debüt etdi. Rəqibin də münasib olduğunu nəzərə alsaq, “bayquşlar”ın asan qələbə qazanacağı proqnozlaşdırılırdı. Ancaq bütün bunların fonunda tribunalar dolmadı. Düzdü, statistika portallarında stadionda 7000 tamaşaçının olduğu qeyd edilib. Ancaq tribunalarda heç həmin sayda da azarkeş yox idi!

Bəs, bunun səbəbi nədi? Oyuna maraq niyə istənilən səviyyədə olmadı? Klub belə mənzərəni necə izah edir?
Bu suallarla “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Ümumi azarkeş sayını dəyərləndirərkən təkcə oyuna gələn azarkeşlərin sayını yox, həm də stadionun tutumunu nəzərə almaq lazımdı. “Bank Respublika Arena”nın tutumu 8700 yerlikdi. Oyuna 7000-dən çox azarkeş gəlmişdi ki, bu da arenanın tutumunun təxminən 80 faizi deməkdi. Fikrimcə, dünən stadionda əsl futbol atmosferi var idi. Stadiona gələrək komandamızı dəstəkləyən hər bir azarkeşə təşəkkür edirik. O ki qaldı stadionun tam dolmasına, fikrimcə, qarşıdakı oyunlarda bu istiqamətdə də irəliləyiş görəcəyik”.


Maraq üçün xatırladaq ki, “bayquşlar”ın ötən mövsüm ölkə kubokunun yarımfinalında “Qarabağ”a qarşı keçirdiyi cavab oyununda 8730 azarkeş iştirak edib.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью