Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sabah" Premyer Liqanın qalibi olandan bəri hamını düşündürən sual var - çempionluq ayaqqabısını geyinən "Sabah" Avropada "Qarabağ"ın keçdiyi yolu gedə biləcəkmi? Bu sual hələ də aktualdır. Çünki "Qarabağ" elə nəticələr göstərib ki, onları nəinki yeniləmək, hətta təkrarlamaq da çətin tapşırıq kimi görsənir "Sabah" üçün.
Lakin "Sabah" dünən Finlandiya çempionunu ÇL-də mübarizədən kənarlaşdırmaqla minimum tapşırığın öhdəsindən gəldi. Azərbaycan çempionu Konfrans Liqasının Liqa mərhələsini təmin etdi. Ardını gətirə bilsələr, ya ÇL-in, ya da AL-in Liqa mərhələsində çıxış edəcəklər.
Nəhayət, ölkəmiz xeyli aradan sonra Liqa mərhələsində "Qarabağ"la yanaşı daha bir klubumuzu görə biləcək. "Zirə" və "Neftçi"nin də hələ mübarizəni dayandırmadığını nəzərə alsaq, bu say çox da ola bilər. Bir az hadisələri qabaqladıq. Çünki "Qarabağ"ın özü də Liqa mərhələsini rəsmiləşdirməyib. Lakin Ağdam klubunun ən pis halda heç olmasa Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanması gözləniləndir.
"Sabah"ın Liqa mərhələsində çıxış etməsi ölkənin klub reytinqi üçün çox vacibdir. Səbəbi məlumdur. Lakin nə qədər qəribə səslənsə də, "Sabah"ın avrokuboklarda daha uzağa getməsi "Qarabağ" üçün də sərfəlidir. Ötən mövsüm Çempionlar Liqasında tarix yazan və həmin nəticələri qazanmaq üçün böyük güc sərf edən "Qarabağ" Premyer Liqada məhz bunun əziyyətini çəkdi. İki cəbhədə mübarizə aparmağın çətinliyini yaşayan "Qarabağ" ölkə çempionluğunu əldən verməli oldu.
Eyni çətinliklər qarşıdakı mövsüm "Sabah"ı da gözləyir. Dambrauskasın komandası da "Qarabağ" kimi gücünü iki cəbhədə paylaşdırmalı olacaq. Söhbət yalnız həftədə iki oyun keçirməkdən getmir. Uçuşlar, səfərlər, bərpa, zədələr və s. Yəni çempionluq titulunu qorumaq onu qazanmaqdan daha çətin olacaq. Lakin klubun bu illər ərzində topladığı təcrübə komandanı yeni şərtlərə uyğunlaşmasına imkan verir. "Sabah" başqa mərhələyə qədəm qoyur. Avropanın qapılarını üzünə açan klub üçün yeni era başlayır.
Həmid
saytlarin hazirlanmasi