Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində V turun oyunlarına start verilib.
Turun diqqətçəkən qarşılaşmalarından biri Bakıda keçiriləcək. Azərbaycan təmsilçisi “Sabah” İspaniyanın “Barselona” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq matçın start fiti saat 21:45-də səslənəcək. Görüşü şotlandiyalı hakim Nikolas Uolş idarə edəcək.
İdman mütəxəssisi Aslan Kərimov qarşılaşma ilə bağlı fikirlərini "AzPolitika" ilə bölüşüb.
A. Kərimov hesab edir ki, bu oyun Azərbaycan futbol tarixində yadda qalan günlərdən birinə çevriləcək. Onun sözlərinə görə, dünyanın ən titullu və tanınmış klublarından birinin Azərbaycanda çıxış etməsi həm “Sabah” klubu, həm də yerli futbol ictimaiyyəti üçün xüsusi hadisədir.
Ekspertə görə, futbol azarkeşləri bu qarşılaşmanın əhəmiyyətini dərk etməli və nəticədən asılı olmayaraq belə bir oyundan həzz almağa çalışmalıdırlar.
Oyunun texniki tərəfinə toxunan mütəxəssis “Barselona”nın aşkar favorit olduğunu vurğulayıb: "İki komandanı müqayisə etmək düzgün olmazdı. Bununla belə, “Sabah”ın əvvəlki avrokubok qarşılaşmalarında, xüsusilə “Mançester Yunayted” və Dortmund “Borussiya”sı ilə oyunlarda nümayiş etdirdiyi performans nikbinliyə əsas verir. “Sabah” həmin görüşlərdə kifayət qədər keyfiyyətli hücumlar təşkil edib və qol imkanları yaradıb. Bu baxımdan, “Barselona” ilə qarşılaşmada da Azərbaycan təmsilçisinin qol şanslarının olacağını düşünürəm".
Mütəxəssisin qənaətinə görə, “Sabah”ın daha çox ikinci nömrə ilə oynaması və əks-hücumlarda fürsət axtarması gözlənilir: "Bununla yanaşı, komanda topa sahib olduqdan sonra onu tez itirməməyə xüsusi diqqət yetirməlidir. “Barselona”nın əsas təhlükəli cəhətlərindən biri top itkisindən sonra onu dərhal geri qaytarmaq bacarığıdır. Kataloniya klubu hücum zamanı topu itirdikdə, adətən, 4-5 saniyə ərzində yenidən topa sahib olmağa və hücumu davam etdirməyə çalışır. “Sabah” bu məqamda diqqətli olmalı, topu qazandıqdan sonra onu asanlıqla rəqibə verməməlidir. Əks halda, komanda daha çətin vəziyyətə düşə bilər".
A. Kərimovun sözlərinə görə, “Sabah”ın şansları var, lakin komandanın nə qədər qol imkanı yaradacağını və “Barselona”nın hücumlarının qarşısını nə dərəcədə ala biləcəyini əvvəlcədən söyləmək çətindir.
O vurğulayıb ki, bu cür qarşılaşmaların nəticəsi yalnız bir komandanın oyunundan asılı olmur: "“Sabah” meydanda mükəmməl çıxış etsə belə, rəqib futbolçuların fərdi keyfiyyəti və səviyyəsi daha yüksək olduğundan bu, nəticəyə zəmanət vermir. “Barselona” da öz oyununu yüksək səviyyədə nümayiş etdirərsə, Azərbaycan təmsilçisinin yaxşı çıxışı belə kifayət etməyə bilər. Nəticədən asılı olmayaraq, futbol ictimaiyyəti bu tarixi qarşılaşmadan həzz almağa çalışmalıdır".
E. Bəyməmmədli
"AzPolitika.info"