Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra yığması ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis sabahkı matçın millidə karyerasını başa vuran Emin Mahmudova həsr olunacağını bildirib:
“İlk növbədə Emin Mahmudova təşəkkür edir, ona uğurlar arzulayıram. Millidə çox futbolçu çıxış edib, amma əsas məsələ iz qoymaqdır. Emin də belə futbolçulardandır. Məşqçi kimi onun oyununu həmişə bəyənmişəm. Sabah Emin üçün oynayacağıq.
İlin son oyununa çıxacağıq. Andorra inkişaf mərhələsində olan komandalardan biridir. Sabah, təbii ki, rotasiyaya əl atacağıq. Buraya gələn hər kəsə, xüsusilə də gənclərə şans vermək istəyirik. Qələbə qazanmaq niyyətindəyik və maksimum gücümüzü ortaya qoymağa çalışacağıq.
Penalti təyin olunarsa, Emin Mahmudov meydanda olduğu təqdirdə zərbəni o yerinə yetirəcək. Emin meydanda olmasa, bu vəzifəni Toral Bayramov icra edəcək. Heyətlə bağlı Anton Krivotsyukdan başqa itkilərimiz yoxdur".
Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Andorra - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.