Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Premyer Liqanın lideri “Sabah” ikinci dövrəyə uğurlu start verib. “Bayquşlar” XVII turda autsayder “Karvan-Yevlax” üzərində inamlı və rahat qələbəyə sevinib.
Dünən “Qarabağ”ın “Kəpəz”ə məğlub olmasıyla xal fərqini artırmaq fürsəti əldə edən “Sabah” şansı boşa vermədi. İlk hissədə üç qol vurmaqla rəqibin müqavimətini qıran və ikinci hissəni daha çox istirahət edərək oynayan “bayquşlar” yekunda 4:1 hesablı qələbə qazanıb.
Sürətli hücumlarla autsayderin səhvlərini maksimum dəyərləndirən “Sabah” ikinci “Qarabağ”la fərqi 4-ə qaldırıb. Mövsümün sonuna çox var, lakin “Qarabağ”ın “başı”nın Çempionlar Liqasına qarışmasından maksimum istifadə etməyə çalışan “Sabah” belə matçlarda qazandığı qələbələr sonda komanda üçün əlavə faydalı olacaq.
Ötən illərdə də yaxşı gediş zamanı autsayderlərə itirilən xallar yayda komandaya çətinlik yaratmışdı. Görünür, “futuristlər” əvvəlki səhvlərdən dərs çıxarmağı bacarıb və indi hansısa fürsət boşa verilmir.
“Karvan-Yevlax” isə liqada qalmaq yolunda ağır zərbə aldı. “Kəpəz” və “Qəbələ”nin səfərdə qazandığı qələbələrlə xalları artırması komanda üçün yenidən həyəcan siqnalını başlatdı. Yevlaxlıların heyətinin keyfiyyəti digər komandalara nisbətən daha aşağıdır və indiki məqamda bölgə təmsilçisi liqanı tərk etməyə əsas namizəddir.
Şahin Cəfərov