“Sabah” qəzeti oxucularına “Qarabağın ürəyi” barədə məlumat verib

10.06.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 10 iyun, AZƏRTAC

Türkiyənin tanınmış jurnalisti Yavuz Donat “Sabah” qəzetinin çoxmilyonlu oxucu auditoriyasını Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesi, o cümlədən ölkəmizin mədəniyyət paytaxtı – Şuşa şəhəri ilə bağlı reallıqlarla tanış edib.

Jurnalistin Gəncədən Şuşaya gedən yolda etdiyi qeydlərdə Ermənistanın təcavüzünün dağıdıcı nəticələrinə diqqət çəkilir. “Yol boyu minalanmış əraziləri görürük, onların əksəriyyəti hələ də kənd təsərrüfatı fəaliyyəti üçün bağlıdır. Tez-tez tikinti texnikası və yük maşınlarına rast gəlirdik. Hər yerdə tikinti davam edir, evlər tikilir, körpülər, tunellər inşa edilir”, -yazan jurnalist işğalın nəticələrinin aradan qaldırılmasında türk şirkətlərinin iştirakını qeyd edir.

Məqalənin müəllifi Türkiyə və Azərbaycan qardaşlığının sarsılmazlığını vurğulayır, bunun hər bir şuşalının münasibətində özünü göstərdiyini qeyd edir.

Y.Donat diqqətə çatdırıb ki, Şuşa sakinlərindən biri Türkiyədən gələn qonaqları israrla öz evinə dəvət edirdi və bununla da ənənəvi qonaqpərvərlik örnəyi göstərirdi.

Jurnalist Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini də xatırladıb. Xatırladıb ki, səfər zamanı Azərbaycan dövlətinin başçısı türkiyəli həmkarına “Zəfər” ləqəbli at hədiyyə edib.

“Azərbaycanı ziyarət edərkən Cıdır düzünə baş çəkməmək Parisi səyahət edib Eyfel qülləsini görməmək kimidir”, -yazan Y.Donat işğaldan əvvəl də Şuşanın çox vaxt “kiçik Paris” və “Azərbaycan musiqisinin beşiyi” adlandırıldığını xatırladır. O, eyni zamanda, Xocalı soyqırımından bəhs edib, qanlı faciənin şahidlərinin hekayələrinin hər bir qonağın ürəyini parçaladığını bildirib. Türkiyəli jurnalist yazır: “Sevindirici haldır ki, Xocalını tərk etmək məcburiyyətində qalanlar bu gün öz evlərinə qayıdırlar”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью