Sabah sürücülər imtahan verəcəklər

02.11.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Sabah Dövlət İmtahan Mərkəzi tərəfindən avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq.

“Cebheinfo.az” xəbər verir ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 313 (beynəlxalq yükdaşıma – 105, operatorların məsul şəxsləri – 15, ölkədaxili sərnişin daşıma - 67, ölkədaxili yük daşıma - 126) nəfər qeydiyyatdan keçib.

İmtahanın keçirilməsi üçün 4 imtahan rəhbəri, 21 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı ayrılıb. Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçiriləcək. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda və Naxçıvan şəhəri, 4 saylı orta məktəbdə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi imtahanları DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək. İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı"  xidməti vasitəsi ilə əldə edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Nigar
“Cebheinfo.az

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью