“Sabah” tarixin 5 cisi, Dambrauskas ilkə imza atdı

14.05.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” 2025/26 mövsümündə “Qızıl dubl”a imza atıb.

Futbolpress.az xəbər verir ki, Misli Premyer Liqasının qalibi adını mövsüm başa çatmadan təmin edən komanda Azərbaycan Kubokunun finalında “Zirə”yə qalib gəlib – 2:1.

Bu, klub tarixində ilk “Qızıl dubl” olub. “Sabah” eyni mövsümdə Azərbaycan çempionatı və kubokunun qalibi adını qazanan 5-ci komanda kimi tarixə düşüb.

Əvvəlki mövsümlərdə 4 klub ümumilikdə 11 dəfə “Qızıl dubl” gerçəkləşdirib. “Qarabağ” hamıdan çox – 6 dəfə (1993, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24) bunu bacarıb. “Neftçi”nn hesabında 3 (1995/96, 2003/04, 2012/13) “Qızıl dubl” var. “Sabah” kimi hərəyə bir dəfə belə uğura sevinən “Kəpəz” 1997/98, “Xəzər Lənkəran” 2006/07 mövsümündə hər iki titulu qazanıb.

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda “Qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssisdir. Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb. Qurban Qurbanov 5 (2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24), Kazbek Tuayev (1995/96, 2003/04) və Ağasəlim Mircavadov (1993, 2006/07) hərəsi 2, Mehman Allahverdiyev (1997/98) və Böyükağa Hacıyev (2012/13) hərəsi bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью