Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının XVII turunda bu gün lider "Sabah" autsayder "Karvan-Yevlax"la üz-üzə gələcək.
Axar.az xəbər verir ki, "bayquşlar" sözügedən matçda qələbə qazanmaqla ötən gün məğlub olan, ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə yüksəldə bilər.
Cari mövsüm ilk və sonuncu qələbəsini II turda əldə edən Yevlax təmsilçisi isə möcüzə axtarışında olacaq.
Bu qarşılaşma "Bank Respublika Arena"da, saat 18:30-da start götürəcək.
Günün digər oyununda turnir cədvəlində qonşu olan komandalar qarşılaşacaq.
"Turan Tovuz" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirəcək. Tovuz kollektivinin öz stadionu yenidən təmirə bağlandığından Qurban Berdıyevin rəhbərlik etdiyi komanda bu görüşə ev sahibi qismində çıxacaq.
Hər iki klub 27 xala malikdir. Rəqibindən bir oyun az keçirən "Turan Tovuz" dördüncü, "Sumqayıt" isə beşincidir. Turnir cədvəlinə isə 37 xalla "Sabah" başçılıq edir. 6 xalı olan "Karvan-Yevlax" sonuncu - on ikinci pillədə yer alıb.