“Sabah” üçün “yaşlı çempion”

30.07.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orxus” komandası ilə qarşılaşacaq.

Eyniadlı şəhəri təmsil edən klubun əsası 1880-ci ildə qoyulub. İlk illərində gimnastika komandası kimi fəaliyyət göstərən “Orxus” 1902-ci ildən futbol klubuna çevrilib. Danimarkanın ən qədim kollektivlərindən sayılan “ağlar” həm də Yutland bölgəsindən çıxan ilk çempion kimi tarixə düşüb.

Komanda bu uğura 1955-ci ildə imza atıb. “Orxus”un ölkə futbolunda adı ilklərlə zəngindir. Belə ki, klub çempion olduğu ildə Çempionlar Kubokuna da qatılıb və bu turnirdə iştirak edən birinci Danimarka təmsilçisi olub.

“Orxus” ev oyunlarını 11.500 nəfərlik “Aarus Stadium”da keçirir. Klubun fanatları Danimarkanın ən çılğın azarkeşləri arasında ilk sıralarda göstərilir.

“Ağlar”a milli komandanın keçmiş üzvü Yakub Poulsen rəhbərlik edir. Futbolçu kimi də 2008-2010-cu illərdə “Orxus”un formasını geyinən Yakub 2025-ci ildən komandaya rəhbərlik edir.

“Ağlar” ötən mövsüm Danimarka çempionu olmaqla 40 illik fasilədən sonra yenidən “qızıl” qazanıb. Komanda ümumilikdə 6 dəfə liqanı, 9 dəfə ölkə kubokunun sahibi olub.

“Transfermarkt”da dəyəri 33.93 milyon avro olan “Orxus”un ən bahalı futbolçusu kapitan Kristian Arnstaddır. 22 yaşlı vingerin qiyməti 6 milyon avrodur.

Danimarkalılar gənc heyətə sahibdir. Komandanın yaş ortalaması 25.7-dir. Heyətdə 13 legioner var.

“Orxus” Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Lex” komandasını mübarizədən kənarlaşdırıb. Danimarkalılar ilk oyunda azarkeşləri önündə 1:4 hesabıyla uduzmasına baxmayaraq, cavab matçında Poznanda geridönüşlə oyunu penaltilər seriyasına daşıyıb və “lotereya”da qalib tərəf olub.

“Orxus” “Sabah” üçün çətin rəqibdir. Komandanın xüsusilə hücum oyunçuları sürəti və driblinqləri ilə seçilir. “Bayquşlar” danimarkalıları aşmaq üçün daha çox güc sərf etməli olacaq. Favorit “ağlar”dır, lakin “futuristləri” də erkən siyahıdan silmək olmaz.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью