Sabah Ukrayna və ABŞ heyətləri görüşür Zelenski açıqladı

25.02.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabah Cenevrədə Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və CaredJared Kuşner arasında görüş keçiriləcək.

“AzPolitika” bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Zelenskinin sözlərinə görə, söhbət Rusiya nümayəndələrinin iştirakı olmadan keçiriləcək ikitərəfli görüşdən gedir. Onun qiymətləndirməsinə əsasən, üçtərəfli görüş mart ayının əvvəlində baş tuta bilər. Daha əvvəl tərəflər belə bir görüşün fevralın sonlarında keçirilə biləcəyini bildirsələr də, dəqiq tarix açıqlanmamışdı.

Bir gün əvvəl Stiv Uitkoff bəyan etmişdi ki, o və Kuşner Cenevrədə Umerovla görüşəcəklər. Bununla yanaşı, məlumatlarda qeyd olunurdu ki, amerikalı nümayəndələrin səfərinin əsas məqsədi İran təmsilçiləri ilə danışıqlar aparmaqdır.

Zelenskinin sözlərinə görə, Umerovun Donald Trump nümayəndələri ilə görüşündə əsas müzakirə mövzusu Ukraynanın bərpa proqramı - “rifah paketi” olacaq. Həmçinin Rusiya tərəfinin iştirakı ilə planlaşdırılan görüşə hazırlıq məsələləri də müzakirə ediləcək.

Bundan əvvəl Uitkoff bildirmişdi ki, ABŞ hələ də Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkilinin mümkünlüyünə inanır. Onun sözlərinə görə, belə görüşün əsas mövzusu ərazi məsələsi ola bilər. Vaşinqton dəfələrlə vurğulayıb ki, məhz bu məsələ sülh sazişinə gedən yolda əsas maneə olaraq qalır: Rusiya Donbasda nəzarətində olmayan ərazilərin ona verilməsində israr edir.

Zelenski də dəfələrlə bildirib ki, ərazi məsələsi yalnız Putinlə birbaşa görüşdə həll oluna bilər. Ukrayna Rusiyanın işğal etdiyi əraziləri de-yure Rusiya ərazisi kimi tanımayacağını bəyan edir, lakin hazırkı cəbhə xətti boyunca atəşkəsə hazır olduğunu bildirir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью