“SABAH.city”: yeni innovasiya mərhələsi

15.09.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında yaradılan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışı olub. Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Qeyd edək ki, “SABAH.city” ölkənin elm, təhsil, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən əsas iştirakçılarını vahid məkanda birləşdirən yeni platformadır. Layihənin əsas məqsədi universitetlər, tədqiqat mərkəzləri, startaplar, texnologiya şirkətləri və digər innovasiya subyektləri arasında əməkdaşlığı gücləndirmək, elmi bilik və texnologiyaların real iqtisadi və sosial dəyərə çevrilməsi üçün əlverişli mühit formalaşdırmaqdır.

Şəhərciyin mühüm xüsusiyyətlərindən biri onun təhsil və elmi fəaliyyətlə birbaşa əlaqələndirilməsidir. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları və tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin burada tədris və praktiki fəaliyyətə cəlb olunması nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlamasından sonra gündəlik ziyarətçi sayının təxminən 3 min nəfərə çatacağı gözlənilir.

Bu infrastrukturun əsas üstünlüyü tələbə və tədqiqatçıların nəzəri biliklərini real layihələr üzərində sınamaq imkanının genişlənməsidir. Müasir iqtisadiyyatda rəqabət qabiliyyətinin mühüm şərtlərindən biri məhz universitetlərdə formalaşan biliklərin biznes və istehsalatla əlaqələndirilməsidir. “SABAH.city” bu əlaqənin institusional və fiziki əsaslarını yaratmağa yönəlmiş layihələrdən biridir.

Şəhərcikdə üç ali təhsil müəssisəsi tərəfindən yaradılan 13 tədris və tədqiqat laboratoriyası da fəaliyyət göstərəcək. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya və telekommunikasiya kimi prioritet istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu sahələrin seçilməsi təsadüfi deyil. Məhz bu texnologiyalar gələcək iqtisadiyyatın formalaşmasında əsas rol oynayan istiqamətlər sırasında yer alır.

“SABAH.city”nin digər mühüm istiqaməti startapların və texnologiya şirkətlərinin inkişafına dəstək verməkdir. Burada 12 startapın yerləşdiyi “kovorkinq” (insanların və şirkətlərin işləməsi üçün nəzərdə tutulmuş ortaq iş məkanı) zonası, yerli və beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri üçün 22 ofis sahəsi yaradılıb. Layihənin birinci mərhələsinə üç ali təhsil müəssisəsi ilə yanaşı, səkkiz texnologiya və innovasiyayönümlü şirkət və 12 startap olmaqla, ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

Burada ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI Hub) fəaliyyəti də diqqət çəkir. Mərkəz Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirmək məqsədilə yaradılıb. Bu günədək 50 süni intellekt həlli təqdim olunub. Mərkəz ölkədə fəaliyyət göstərən səkkiz universitet, Azərbaycan Milli Elmlər Akademiyası, eləcə də Çin, Böyük Britaniya və Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri qurub.

Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə belə platformaların yaradılması Azərbaycanın texnoloji imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır. Dövlət, universitet və biznes arasında əlaqələrin gücləndirilməsi yeni texnologiyaların yalnız tədqiqat səviyyəsində qalmasının qarşısını alaraq onların praktiki tətbiqinə imkan verə bilər.

Ölkənin innovasiya ekosisteminin formalaşmasında əvvəlki təşəbbüslər də mühüm rol oynayıb. “ASAN xidmət”in “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzindən indiyədək 150 startap yararlanıb, onlardan dördü xarici investorlar tərəfindən satın alınıb. Bu göstəricilər Azərbaycanda startap mühitinin artıq müəyyən inkişaf mərhələsinə çatdığını göstərir.

“SABAH.city” isə həmin prosesin daha geniş və sistemli müstəviyə keçirilməsi üçün yeni imkan yaradır. Burada əsas məsələ ayrı-ayrı layihələrin həyata keçirilməsindən daha çox, davamlı innovasiya mühitinin formalaşdırılmasıdır. Belə mühitdə universitetdə yaranan ideya laboratoriyada sınaqdan keçirilə, startap tərəfindən məhsula çevrilə, investor tərəfindən maliyyələşdirilə və nəticədə həm daxili, həm də xarici bazara çıxarıla bilər.

Fərid KAZIMOV,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü

Bildiyimiz kimi, “ASAN xidmət” Azərbaycanda vətəndaşlara müxtəlif dövlət xidmətlərini vahid məkanda təqdim edən uğurlu platformaya çevrilib. Bu baxımdan müasir trendlərə uyğun olaraq süni intellekt platformalarının tətbiqi və xidmətlərin daha effektiv göstərilməsi təqdirəlayiq addımdır.

Hazırda bir çox hallarda vətəndaşlar suallarına cavab almaq üçün “ASAN xidmət”ə zəng edir və ya digər əlaqə kanallarından istifadə edirlər. Süni intellektin tətbiqi bu prosesi daha sürətli və səmərəli edə bilər. İnkişaf etmiş Qərb ölkələrində, eləcə də Yaponiya, Cənubi Koreya və Çin kimi Uzaq Şərq dövlətlərində dövlət qurumlarının vətəndaşlarla həm səsli, həm də yazılı ünsiyyətində süni intellekt texnologiyalarından geniş istifadə olunur.

Süni intellektin mühüm üstünlüklərindən biri də odur ki, o, yalnız dövlət xidmətlərini deyil, özəl sektorun müxtəlif təşəbbüslərini də dəstəkləyir. Bu texnologiya ideyaların və xidmətlərin vətəndaşa çatdırılması prosesini modelləşdirməyə, optimallaşdırmağa və daha səmərəli qurmağa imkan verir. Bu, kifayət qədər vacib istiqamətdir.

Digər tərəfdən, “ASAN xidmət” uzun illərdir Azərbaycanda innovasiya ekosisteminin formalaşmasına töhfə verir. Qurum ilk inkubasiya mərkəzlərinin yaradıcılarından biri olub, artıq güclü brendə çevrilib və onun fəaliyyəti çərçivəsində onlarla startap yaranıb. Bu baxımdan “ASAN xidmət”in innovasiya imkanları ilə süni intellektin vəhdəti güclü sinerji effekti yarada bilər. Mən bu yanaşmanı tam dəstəkləyirəm.

Ümumilikdə, Azərbaycanda süni intellektin tətbiqinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə dövlət strategiyası mövcuddur və onun icrası davam edir. Vaxt baxımından hələ ilkin mərhələdə olsaq da, artıq aralıq nəticələr görünür və bu sahədə sistemli iş aparılır. Müxtəlif dövlət xidmətlərində süni intellektin tətbiqi həm araşdırılır, həm də mərhələli şəkildə həyata keçirilir. Artıq elektron qanunvericilik sahəsində də süni intellektdən istifadə imkanları yaradılır. Müxtəlif dövlət qurumlarında bu istiqamətdə pilot layihələr həyata keçirilir və gələcəkdə bu cür təşəbbüslərin sayı daha da artacaq.

Bununla yanaşı, süni intellekt Azərbaycanda təkcə dövlət idarəçiliyində istifadə olunan texnologiya deyil. Ondan yeni rəqəmsal iqtisadiyyatın formalaşdırılmasında, innovativ məhsulların yaradılmasında və yüksək əlavə dəyər yaradan həllərin hazırlanmasında da böyük gözləntilər var. Müasir dünyada rəqəmsal iqtisadiyyat artıq ənənəvi iqtisadiyyatın bir çox sahələrini qabaqlamağa başlayıb. İnkişaf etmiş ölkələrdə rəqəmsal məhsullar yaradan şirkətlər dəfələrlə daha yüksək dəyər formalaşdırır və bu şirkətlər dövlətlərin ümumi iqtisadi göstəricilərində getdikcə daha böyük paya sahib olur.

Azərbaycan da bu tendensiyanı nəzərə alaraq son dövrlərdə müxtəlif strateji sənədlər qəbul edib. Rəqəmsal iqtisadiyyatın inkişafı, rəqəmsal dövlət quruculuğu və innovasiya ekosisteminin genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Məqsəd biznesin daha yüksək dəyər yaratmasını, yeni məhsulların hazırlanmasını və onların xarici bazarlara ixracını dəstəkləyən mexanizmlər formalaşdırmaqdır. Bu prosesdə süni intellekt əsaslı məhsulların inkişafına xüsusi önəm verilir və bu istiqamətdə işlər artıq başlanıb.

Bu gün dünya sürətlə süni intellekt dövrünə daxil olur. Hətta “rəqəmsal texnologiyalar” və “innovasiyalar” kimi anlayışlar tədricən yerini “süni intellekt əsaslı həllər” anlayışına verməyə başlayır. Çünki süni intellekt o qədər sürətlə inkişaf edir ki, həyatın demək olar bütün sahələrinə təsir göstərir.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью