Icma.az, Azertag portalına istinadən məlumat verir.
İstanbul, 21 noyabr, AZƏRTAC
“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin qızıl medalçıları və dünyanın nüfuzlu beynəlxalq elm və mühəndislik müsabiqələrindən biri olan Regeneron ISEF 2026-nın “Grand Award” mükafatçıları elmi fəaliyyətlərini beynəlxalq səviyyədə davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdləri Mikayıl Əhmədbəyli və Banu İbrahimovanın Samir Kərimovun elmi rəhbərliyi altında hazırladıqları “AI-Controlled Floating Robot for Mining Wastewater Remediation” mövzusunda elmi-tədqiqat layihəsi Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təqdim olunub.
COP31 sədrliyi tərəfindən Türkiyənin Ali Təhsil Şurasına (YÖK) təqdim edilən tədqiqat layihəsi akademik qiymətləndirmə mərhələsindən keçərək konfransın Yaşıl Zonasında (Green Zone) fəaliyyət göstərən YÖK pavilyonunun rəqəmsal elmi poster təqdimatları proqramına qəbul edilib.
Tədqiqatın elmi-texnoloji əsasını süni intellektə əsaslanan idarəetmə sistemlərinin, robototexnika texnologiyalarının və fotokimyəvi proseslərin inteqrasiyası təşkil edir. Layihə sənaye və mədən fəaliyyəti nəticəsində yaranan çirklənmiş tullantı sularının təmizlənməsi üçün innovativ yanaşma istiqamətində hazırlanıb. Təklif olunan texnoloji konsepsiya su ehtiyatlarının mühafizəsi, sənaye çirklənməsinin azaldılması və ekoloji dayanıqlılığın təmin edilməsi baxımından tətbiq potensialına malikdir.
Regeneron ISEF 2026-da beynəlxalq mükafata layiq görülən tədqiqatın COP31 çərçivəsində təqdim edilməsi layihənin elmi inkişafının davamlılığını və əldə olunan nəticələrin qlobal ekoloji çağırışlar kontekstində aktuallığını nümayiş etdirir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul