“Sabah”ın ÇL perspektivləri kimlər ilk dəfə Bakıya gələcək?

28.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah” Çempionlar Liqasının əsas mərhələsində “Barselona” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya) və “Slaviya” (Çexiya) ilə Bakıda, “Arsenal”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Vilyarreal” (İspaniya) və “Vikinq”lə (Norveç) səfərdə qarşılaşacaq.

Püşk “bayquşlar” üçün çətin alındı. Rəqiblərin altısı Avropanın TOP-5 liqalarının təmsilçiləridir. Valdas Dambrauskasın yetirmələri iki İngiltərə, iki də İspaniya komandaları ilə üz-üzə gələcək. Xüsusilə, “Barselona” və “Arsenal” ən ağır rəqiblərdəndir.

Kataloniyalılar tarixində ilk dəfə Azərbaycana səfər edəcək. “Arsenal” isə daha öncə “Qarabağ”la oyun üçün Bakıda olub və 3:0 hesablı qələbə qazanıb.

Dortmund “Borussiya”sı da təmsilçilərimizə tanış rəqibdir. Almanlar əvvəl “Qəbələ” və “Qarabağ”la avrokubok matçlarında üz-üzə gəlib və qələbə qazanıb.

Digər “böyük beşlik” təmsilçisi “Napoli” ötən mövsüm Çempionlar Liqasında “Qarabağ”la evində qarşılaşıb və qalib gəlib. Neapollular da “Barselona” kimi ilk dəfə Bakıya səfər edəcək.

Çexiyanın “Slaviya” və Norveçin “Vikinq” klubları digər rəqiblərlə müqayisədə daha münasibdir. “Sabah” praqalıları evində qəbul edəcək, skandinavlarla isə səfərdə qarşılaşacaq. “Bayquşlar”ın hər iki oyunda azı bir xal götürmək potensialı var.

Ümumiyyətlə, “Sabah”ın püşkdən sonra pley-offlara qalmaq şansı çox aşağıdır. Lakin ötən mövsüm “Qarabağ” sensasiyalı nəticələrlə adından söz etdirdiyi kimi bu dəfə “Bayquşlar” bunu bacara bilər. Nə də olsa, futbol rəqəmlər üzərində deyil, meydanda oynanılır.

Nəticə bir yana, hər matç “Sabah” üçün böyük təcrübədir. “Bayquşlar”ın Avropa arenasında nəhənglərlə dueli hər futbolçuya əlavə motivasiya verəcək. Buna görə istənilən hesabdan sonra ruhdan düşməmək və daim irəli baxmaq mütləqdir.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью