“Sabah”ın məğlubiyyəti Azərbaycanın UEFA əmsalına təsir etmədi

26.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda “Sabah” futbol komandasının məğlubiyyəti Azərbaycanın ölkə əmsalını dəyişməyib.

İdman.Biz xəbər verir ki, son mövcud reytinq cədvəlində Azərbaycan 24,187 əmsalla 55 ölkə arasında 24-cü pillədə qərarlaşıb.

Ölkəmizi 23-cü pillədə qərarlaşan Ukraynadan 0,650 xal ayırır. Azərbaycanın ən yaxın izləyicisi olan İsrailin isə 24,125 əmsalı var. İki ölkə arasındakı fərq cəmi 0,062 xaldır.

Azərbaycan təmsilçilərinin 2026/2027 mövsümündə ölkə əmsalına töhfəsi aşağıdakı kimidir:

“Sabah” - 3,500
“Qarabağ” - 1,250
“Zirə” - 0,625
“Neftçi” - 0,250

İsrailin “Hapoel Beer-Şeva” futbol komandası bu gün UEFA Avropa Liqasının liqa mərhələsinin beşinci turunda Türkiyənin “Beşiktaş” futbol komandasının qonağı olacaq. Qarşılaşmanın nəticəsi Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərə bilər.

Siyahının lideri 108,241 əmsalla İngiltərədir. İtaliya 92,589 xalla ikinci, İspaniya isə 87,743 xalla üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Sabah” Çempionlar Liqasının beşinci turunda İspaniyanın “Barselona” futbol komandasına 1:4 hesabı ilə məğlub olub. Hazırda təmsilçimiz üç xalla 33-cü pillədədir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью