“Sabah”ın pley off perspektivləri

05.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Sabah” UEFA Çempionlar Liqasının IV turunda “Vikinq”ə uduzub – 1:4. “Bayquşlar” 4 turdan sonra 3 xalla turnir cədvəlində 31-ci sıradadır.

Formata görə, əsas mərhələni 1-8-ci sıralarda bitirənlər birbaşa 1/8-ə, 16-24-cü pillələrdə qərarlaşan komandalar isə pley-off mərhələsinə vəsiqə əldə edəcək.

“Sabah” 24-cü sıradan bir xal geri qalır. Ümumiyyətlə, 20-24-cü pillədəki kollektivlərin hər birinin 4 xalı var.

“Sabah”ı qarşıda “Barselona”, “Vilyarreal”, “Napoli” və “Arsenal”la oyunlar gözləyir. TOP-5 çempionatlarında iştirak edən komandalarla duellərdə “bayquşlar”ın xal qazanmaq ehtimalı çox aşağıdır. Bakıda “Napoli” və “Vilyarreal”dan xal almaq bir az realdır, lakin “Barselona” ilə “Arsenal”la görüşlərdə isə demək olar ki, şans yoxdur.

Bu iki görüşdən minimum 4 xal qazanılsa və digər komandaların xal itkiləri davam etsə, komandanın pley-off şansı yarana bilər.

Rəqiblərdən “Napoli” və “Vilyarreal” da aktivində bir qələbə var. Hər iki kollektiv digər üç görüşü məğlubiyyətlə başa vurub. Neapol təmsilçisinin 4 oyunundan ikisi nisbətən asan rəqiblərlədir. “Napoli” Norveçin “Vikinq”, Belçikanın “Brügge” kollektivini üstələmək potensialındadır.

“Vilyarreal” isə “Sabah”la yanaşı, “Slaviya”, “Fənərbağça” kimi komandalarla üz-üzə gələcək. Bu rəqiblər də ispanlar üçün rahat oyunlardan hesab edilir.

Reallığa baxsaq, “Sabah”ın pley-off şansları 1-2 faiz ola, ya olmaya. Lakin klub üçün tarixində ilk dəfə iştirak etdiyi turnir kifayət qədər faydalıdır. Hər sınaqda böyük oyun atmosferini hiss edən “Sabah” elə məhz böyümək üçün ələ düşən bu oyunlardan, rəqiblərdən nələrsə öyrənməlidir.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью