Sabahın ulduzları layihəsi adi turnir anlamı daşımır

03.02.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Sabahın ulduzları" layihəsi adi turnir anlamı daşımır"

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Birinci hissə burada

Yazının ilk hissəsində də bildirdiyimiz kimi, Azərbaycan futbolunda bir çox adların yetişməsində böyük rolu olan “Sabahın ulduzları” layihəsi yenidən bərpa olunur. Bakı kuboku uğrunda U-13 və U-14 yaş qrupları üzrə yarışlara mart ayında start veriləcək. Layihənin rəhbəri, Bakı Futbol Federasiyasının (BFF) prezidenti Tahir Süleymanov bildirib ki, müxtəlif liqa yarışlarında monitorinqlər apararaq, bu yaş qruplarının üzərində dayanıblar: “13-14 yaş uşaq futbolundan yeniyetmə, sonrakı mərhələdə isə gənclər futboluna ilk keçid mərhələsidir. Pilot layihə olaraq çempionatla paralel, "Sabahın ulduzları" Bakı kubokuna start veriləcək. Önəmli addımlardan biri, U-13-lərin də tam ölçülü meydanda, 11-11-ə oynaması, növbəti, yuxarı yaş qrupu mövsümünə adaptasiya mərhələsinin keçməsidir. Hazırda bu yaş qrupu yarı meydanda 9-9-a futbol oynayır və inkişafları məhdudlaşır. Hansı ki, klub/komandaların yarışa buraxılması son təsdiq mərhələsindədir. "Sabahın ulduzları" Əsasnaməsinin tələblərinə cavab verən və öz çempionatlarında çıxışlarına uyğun idman prinsipi ilə ən güclülər seçiləcək. Keyfiyyətin təmin olunması yolunda yarış səviyyəsinin, rəqabətin yaradılması mütləqdir. Yarışlara hazırlıq, tamamlama mərhələsi davam edir və mart ayının 4-5-də Bakı Kubokuna start verilməsi nəzərdə tutulub.

Keçmiş FİFA referisi bildirib ki, “Sabahın ulduzları” layihəsi yeni hakimlərin futbola cəlb olunmasını da həyata keçirəcək: “Qeyd etdiyim kimi, "Sabahın ulduzları" layihəsi adi turnir anlamı daşımır. AFFA ilə bağladığımız müqavilə əhatəlidir və fəaliyyətimiz tək yarış çərçivəsində deyil. Fevralın son ongünlüyündə D kateqoriyalı məşqçilər kursu üzrə birinci mərhələ başlanacaq və ilin sonuna kimi daha 5 kursun keçirilməsi həyata keçiriləcək. Yarışlarla paralel gənc hakimlərin nəzəri və praktiki seminarları təşkil ediləcək, oyunlar təhlil olunacaq, yeni hakimlərin futbola cəlb olunması prosesi sürətlənəcək. Qeyd olunan işlərlə bağlı AFFA-nın Yarışların Təşkili, Texniki, Hakimlər, Kütləvi futbol departamentləri, Təhsil, Yarışların keçirilməsi şöbəsi ilə mütəmadi, həftəlik, gündəlik iş birliyimiz davam edir, bütün detallar incələnir, müzakirə aparılır, yekunda birgə qərarlar verilir. Bütün prosesə Baş katiblik nəzarət edir, işlər Cahangir Fərəcullayev və müavini Kamran Vəliyevin daimi diqqət mərkəzindədir. Yaş qrupları üzrə iştirakı nəzərdə tutulan komandalarla əlaqə qurulur, seçimlər fevral ayının ortalarına kimi yekunlaşacaq. Sevindirici məqamlardan biri də odur ki, əlaqə saxlanılan komandalar "Sabahın ulduzları" yarışlarının yenidən keçirilməsini səbirsizliklə gözləyirlər. Çempionat oyunlarını izlədikdə, monitorinq apardıqda, klub məşqçiləri, nümayəndələrilə söhbətlərimizdə belə istək açıq ifadə olunub. Bir çox məşqçilər, bu layihənin iştirakçısı olublar, yeni nəsil çalışdırıcılar arasında isə "Sabahın ulduzları" yarışlarında futbolçu kimi çıxış edənlər də var. Bununla kifayətlənmirik, uşaq-gənclər futboluna diqqətin daha da artırılması üçün klub rəhbərləri səviyyəsində görüşlərim olur. "Sabah"ın bu sahədə yaratdığı şərait təqdirəlayiqdir və klub prezidenti Maqsud Adığözəlovla görüşümüzdə bir daha bunun əyani şahidi oldum. "Qarabağ"ın Çempionlar Liqasında oynamasına, qrafiklərinin sıx olmasına baxmayaraq, ağdamlıların icraçı direktoru Əmrah Çəlikəllə görüşümüzdə istər "Sabahın ulduzları", istərsə uşaq-gənclər futbolu ilə bağlı fikir mübadiləmiz oldu və istənilən dəstəyin veriləcəyi əminliyi vurğulandı. AFFA, klub rəhbərlərinin, hər birimizin uşaq-gənclər futboluna diqqətinin olması, artırılması, yaxın gələcəkdə yerli istedadların üzə çıxmasına ümid yaradır. 

Tahir Süleymanov

T.Süleymanov Bakı kuboku uğrunda yarış üçün niyə məhz Bayıl stadionunu seçmələri ilə bağlı da danışıb: “AFFA ilə danışıqlarımızın müsbət nəticəsi olaraq, federasiyanın balansında və şəhər ərazisində olan Bayıl stadionunun üzərində dayandıq. Stadionun Premyer Liqa, avrokubok oyunlarının keçirməsi təcrübəsi var. Bakı Futbol Federasiyasına lazımı şərait yaradılıb. İş şəraitinin stadion ərazisində olması daha məqsədəuyğundur. Belədə operativ, daha səmərəli fəaliyyət göstərmək imkanları çoxalır. Bayıl stadionunda yaradılan şəraitə uyğun, AFFA-nın infrastruktur üzrə Departamenti və stadion rəsmiləri ilə daimi əlaqədəyik, səmimi, işgüzar ortam yaradılıb. Bilirsiniz ki, ölkə futbolunda infrastrukturla bağlı olmazın problemləri mövcuddur. Geniş futbol ictimaiyyəti tam məlumatlı olmasa da, 13 yaş daxil stadion öhdəliyini, maddi və faktiki təminatını, bölgələrdə yol xərcinə kimi assosiasiya öz üzərinə götürür. Yarışların təşkilatı səviyyəsinin təmin olunması üçün U-14 yaş qrupu da mərkəzləşdirilmiş qaydada kubok oyunlarını Bayıl stadionunda keçirəcək. İki yaş qrupu üzrə 3 ay ərzində 140 oyun keçirilməlidir. Bu oyunların təşkili, stadionun icarə haqqı çox böyük maliyyə tələb edir. Bura hakimlik, təhlükəsizlik, tibbi təminat və digər görülən işlərin maddi tərəfini nəzərə aldıqda, çox böyük məbləğ edir. Bütün bunları, yeni və doğru yanaşma ilə AFFA rəhbərliyi öz üzərinə götürür. Klublar, komandalar "Sabahın ulduzları" Bakı kubokunda heç bir vəsait ödəmədən yarışlarda çıxış edəcəklər. Bu, klublar üçün güzəştdir. Təki uşaq-gənclər futbolu inkişaf etsin. O baxımdan vurğuladım ki, "Sabahın ulduzları" layihəsi sıradan bir turnirin keçirilməsi anlamına gəlməməlidir və maddi, mənəvi fədakarlıq tələb edir. 

T.Süleymanov sonda “Sabahın ulduzları” layihəsinə göstərilən dəstəklə bağlı da danışıb: “Peşəkar yanaşma, yarış səviyyəsi, rəqabətədözümlük, mübarizlik, keyfiyyət təmin olunmadan, futbolçu yetişdirilməsi mümkün deyil. Bu baxımdan Bakı Futbol Federasiyasına yaradılan şərait təqdirəlayiqdir. Yarışların işıqlandırılması yolunda CBC Sport kanalının rəhbəri Volkan Üstlə görüşüm olub, hər həftə "Sabahın ulduzları" yarışlarının mərkəzi oyunlarının canlı yayımı və həftəlik veriliş nəzərdə tutulub. Müxtəlif şirkətlərlə danışıqlarımız davam edir. Çalışırıq ki, sosial şəbəkə üzərindən bütün oyunların yayımı təşkil edilsin. Yarışların keçiriləcəyi ilə bağlı artıq mediaya məlumat verilib. Fürsətdən istifadə edib mətbuat orqanlarına, hər birinizə göstərdiyiniz diqqətə görə minnətdarlığımı bildirirəm. Uşaq-gənclər futbolunun dirçəlməsində medianın rolu xüsusi çəkiyə malikdir və inanıram ki, "Sabahın ulduzları" daimi diqqət mərkəzində olacaq. BFF olaraq müxtəlif istiqamətdə fəaliyyətimiz davam edir. Bu proses fədakarlıq və maddi-texniki baza olaraq böyük məsrəfə tələb etdiyi üçün, Azərbaycan futbolunun inkişafı, yeni nəsil istedadlı futbolçuların yetişməsi naminə sponsor, tərəfdaşların cəlb olunması yolunda "Sabahın ulduzları" layihəsinə dəstək verməyə, əməkdaşlıq etməyə çağırır, azarkeşləri, tamaşaçıları mart ayından başlayaraq oyunlara baxmağa dəvət edirəm”.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью