“Sabah”la oyun “Barselona”nın transfer planlarını poza bilər

26.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın müdafiəçisi Alexandro Baldenin Bakıda aldığı zədə Kataloniya klubunun qış transfer planlarına ciddi təsir göstərə bilər.

İdman.Biz-in məlumatına görə, 23 yaşlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”a qarşı keçirilən oyunun 60-cı dəqiqəsində meydanı tərk edib. Buna səbəb onun sağ ayağı üzərinə uğursuz eniş etməsi olub. Görüş İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İspaniyanın AS nəşrinin jurnalisti Xavi Migelin məlumatına görə, Baldenin topuq bağlarının ikinci dərəcəli dartılmasından şübhələnilir. Diaqnoz təsdiqlənərsə, müdafiəçi bir neçə həftə yaşıl meydanlardan kənarda qala bilər.

Vəziyyəti çətinləşdirən əsas məqam “Barselona”nın qış transfer pəncərəsində Baldeni satmağı və əldə olunacaq vəsait hesabına mərkəz müdafiəçisi transfer etməyi planlaşdırmasıdır. Kataloniya klubunun mümkün transfer hədəfləri arasında Alessandro Bastoni, Lisandro Martines və Niko Şlotterbekin adları çəkilir.

Qeyd edək ki, müdafiə xəttindəki kadr çatışmazlığı səbəbindən “Barselona”nın baş məşqçisi Hans-Diter Flik son həftələrdə niderlandlı yarımmüdafiəçi Frenki de Yonqu mərkəz müdafiəçisi mövqeyində oynatmağa məcbur qalıb.

Beləliklə, Baldenin Bakıda aldığı zədə Kataloniya klubunun transfer planlarını çətinləşdirə bilər. Futbolçunun dəqiq diaqnozu və bərpa müddəti MRT müayinəsindən sonra məlum olacaq.

Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsinin beş turundan sonra 12 xalı olan “Barselona” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Üç xala malik “Sabah” isə 33-cü yerdədir. Azərbaycan çempionu növbəti turda dekabrın 8-də İspaniyada “Vilyarreal”ın qonağı olacaq. Qarşılaşma “Estadio de la Seramika” stadionunda keçiriləcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью