futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyalı hücumçu Eddi Salsedo Rusiya Premyer Liqasının təmsilçisi “Rubin”in yeni futbolçusu olub.
Futbolpress.az xəbər verir ki, bu barədə Kazan klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.
24 yaşlı forvard “Rubin”ə azad agent statusunda keçib. Tərəflər 2027-ci ilin yayına qədər nəzərdə tutulan və müqavilə müddətini daha bir mövsüm uzatmaq opsiyası olan sözləşməyə imza atıblar. Salsedo yeni komandasında “10” nömrəli formanı geyinəcək.
Təcrübəli hücumçunun son klubu Yunanıstanın OFİ (Krit) kollektivi olub. O, komandanın heyətində keçirdiyi 67 rəsmi oyunda 19 qol vurub və 5 məhsuldar ötürmə ilə diqqət çəkib.
2019-cu ildə “İnter” Salsedonun transferi üçün “Cenoa”ya 10 milyon avro ödəmişdi. Lakin hücumçu Milan təmsilçisinin əsas heyətində rəsmi debüt etmədən tam 10 dəfə müxtəlif klublara icarəyə verilib. O, karyerası ərzində “Cenoa”, “Verona”, “Speziya”, “Bari”, “Lekko” və İspaniyanın “Eldense” komandalarının şərəfini qoruyub. Hücumçunun hesabında həmçinin İtaliyanın gənclərdən ibarət milli komandasında keçirilmiş 2 oyun var.
Rusiya Premyer Liqasında 9 turdan sonra 12 xal toplayan “Rubin” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.