Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

11.04.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Böyük Britaniyada qeydiyyatda olan “Nordfields Properties Limited” şirkətinin rəhbərliyində dəyişiklik olub.
Yeniavaz.com
-un əldə etdiyi məlumatlara görə, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun qızı Sevinc Bağırova bu şirkətin direktoru vəzifəsindən yanvarın 13-də istefa verib.
Qlazqo şəhərində, “1037 Sauchiehall Street, G3 7TZ” ünvanında yerləşən və daşınmaz əmlakın icarəsi ilə məşğul olan şirkətin digər direktoru isə Hüseynqulu Bağırovun oğlu – 1979-cu il təvəllüdlü Lətif Bağırovdur. Sevinc Bağırovanın gedişindən sonra şirkətə Paul Cerard adlı şəxs direktor təyin olunsa da, onun fəaliyyəti cəmi bir həftə davam edib və 19 fevralda o da vəzifəsindən azad olunub.

Hazırda “Nordfields Properties Limited”in yeganə direktoru Lətif Bağırovdur.
Qeyd edək ki, şirkətin 2024-cü ilə dair maliyyə hesabatı qanunvericiliyin tələb etdiyi müddətdə – fevralın 14-dək təqdim edilməli olduğu halda, artıq iki aydır ki, gecikdirilir.
Eyni zamanda məlum olub ki, şirkət 2023-cü ili 1 milyon 556 min 679 funt-sterlinq zərərlə başa vurub.
Xatırladaq ki, “Nordfields Properties Limited” 2013-cü ildə təsis edilib və o vaxtlar şirkətin direktoru Qərbi Kaspi Universitetinin prorektoru olan Duriyə Nuriyeva olub. Bu universitet də Hüseynqulu Bağırovun ailə üzvlərinə məxsusdur.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью