Sabir Rüstəmxanlı Fərhad Bədəlbəyliyə görə İqbal Ağazadəyə etiraz etdi

20.11.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

"MediaTurk" TV-nin efirində çıxış edən Ümid Partiyasının sədri İqbal Ağazadə Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin son açıqlamasını - Türkiyə-Azərbaycan münasibətləri və mədəniyyətlə bağlı fikirlərinə münasibət bildirib. O, Fərhad Bədəlbəylinin ictimai-siyasi mövqeyini tənqid edib, Xalq artistini "ziyalı" kimi xarakterizə etmədiyini, yalnızca pianoçu olduğunu deyib. 
İqbal Ağazadənin bu açıqlaması sosial şəbəkələrdə və mediada ziyalı anlayışı ətrafında müzakirələrə səbəb olub.
Mövzuyla bağlı Sabir Rüstəmxanlı Modern.az-a danışıb.

"Bizim cəmiyyətdə insanların bir-birinə sevgiləri azalıb, hamının ürəyi qəzəblə doludur. Biri hardasa bir səhv edə, yaxud büdrəyə bilir. Həmin dəqiqə hamı həmin şəxsin üstünə çökür. Sanki insanları sındırıb, məhv eləməkdən zövq alırıq.
Fərhad Bədəlbəyli ola bilər ki, çıxışında nəyi isə düz deməsin. Həyatda hamının səhvi olur. Amma baxıram ki, hər kəs ondan danışır, bu məsələdən yazır. 

Fərhad Bədəlbəylinin ziyalı olub-olmaması məsələsinə gəldikdə, hər sahənin öz ziyalısı olur. Fərhad Bədəlbəyli də musiqi sahəsində ziyalılığı ilə seçilən nümayəndələrdən biridir".

Sabir Rüstəmxanlı qeyd edir ki, Azərbaycan-Türkiyə münasibətlərinin gərginliyi zamanı özünü ziyalı sayan digərləri də belə ehtiyatsız ifadələr işlətdilər.

"Yəni bu məsələnin nə qədər həssas məsələ olduğunu nəzərə almadılar. İnsanlar bəzən vəziyyəti düzgün qiymətləndirmirlər. Ona görə də burda Fərhad Bədəlbəylini hədəfə çevirmək doğru deyil. O, fikrini səliqəli və fərqli ifadə edə bilərdi. Amma bu o demək deyil ki, hər kəs Fərhad Bədəlbəylini tənqid edə bilər. O Azərbaycanın ziyalılarından biridir. Ümumiyyətlə, Fərhad Bədəlbəylini ziyalı adlandırmamaq günahdır".
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью