Icma.az bildirir, GlobalInfo portalına istinadən. Ötən gün ölkə ərazisinə aramsız yağış yağmasının fəsadları hələ də müzakirə edilir.
Xüsusilə 6 ay sonra yenə Sabunçu tunelini, Bağırov körpüsünün keçidini su basması sosial şəbəkələrdə narahatlıq yaradıb.
Adıçəkilən keçid və tunel niyə hər dəfə suya qərq olur? Bunun qarşısını almaq, problemi həll etmək mümkün deyilmi?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, sözügedən yerlərdə yağış kollektorları mövcuddur, amma çəkilən su kanalizasiya borularına yönləndirilir: “Qanunvericiliyə görə, yağış sularını kanalizasiya borularına axıtmaq olmaz.
Yağıntılar düşəndə həmin xətlər o qədər dolur ki, kollektorların körpü və tunellərdən çəkib yönləndirdiyi sular çətinlik yaradır.
Nasoslar işlək vəziyyətdə olsa da, axıdılan sular yenidən qayıdır.
Məsələn, orada kanalizasiya xətti 500 ailənin istifadə edə biləcəyi imkan çərçivəsində çəkilib.
Amma 1500 ailə var və körpünün, tunelin altında olan su da kanalizasiya xəttinə ötürüləndə fəsadlar ortaya çıxır”.