Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Orqanizmin ən böyük orqanı olan dəri bədənin qoruyucu funksiyasını yerinə yetirir. Dəri olmadan heç kim yaşaya bilməz.
Ətraf mühitin fiziki dəyişikliklərinə qarşı cavab verən ilk orqan dəridir.
Həkim-dermatoloq, kosmetoloq Günay Mikayılova ailem.az-a açıqlamasında üç minə yaxın dəri xəstəliyi olduğunu deyir.
Onun sözlərinə görə, dəri xəstəlikləri təkcə dəri problemləri ilə bağlı deyil, həmçinin daxili orqanlarda olan problemlərin, digər xəstəliklərin dəri təzahürü olaraq da görünür: "Məsələn, xərçəng kimi xəstəliklərin ilk dəri təzahürü xəstəliyin ilkin mərhələdə müəyyən olunmasında vacibdir.
Bununla yanaşı, ən geniş yayılmış dəri xəstəlikləri üzdə səpkilərdir, gənclik sızanaqları, saç tökülmə problemləri, akne, rozasiya, üzdə damar genişlənməsi kimi hallar demək olar ki, hər kəsdə rast gəlinə bilər.
Bəzi dəri xəstəlikləri mövsümü xarakter daşıyır. Məsələn, göbələk xəstəlikləri yaz-yay aylarında daha çox üzə çıxır".
Mütəxəssis dəri xəstəliklərinin yaranma səbəbinin fərqli olduğunu deyir. Əsasən isə infeksiya, bakteriya və viruslar nəticəsində yaranır.