Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda onkoloji xəstələrə göstərilən tibbi yardımın əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Belə ki, “Onkoloji yardım haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən, gələcəkdə onkoloji xidmətlərin özəl tibb müəssisələrində də həyata keçirilməsi mümkün olacaq.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bu dəyişikliklərin icrasında Səhiyyə Nazirliyinin üzərinə ciddi məsuliyyət düşür. Onun sözlərinə görə, onkoloji xəstəliklərin müalicəsi xüsusi yanaşma tələb edir və artıq bəzi özəl klinikalarda müayinə, cərrahi müdaxilə və digər tibbi prosedurlar üçün zəruri avadanlıqlar mövcuddur.
Maraqlıdır, qanuna təklif olunan bu dəyişikliklər xəstələrin müalicə xərclərinə və sığorta imkanlarına necə təsir göstərəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, onkoloji xəstəliklərin sayı həm dünyada, həm də Azərbaycanda sürətlə artır. Onun sözlərinə görə, bu artımın əsas səbəbləri sırasında qeyri-sağlam qidalanma, alkoqol və tütün məmulatlarından istifadə, emal olunmuş məhsulların çoxluğu, stress və travmalar xüsusi yer tutur. Eyni zamanda, əhali sayının artması da statistikanın yüksəlməsinə təsir göstərir.
Həkim-onkoloq qeyd edib ki, onkoloji xəstələrin müalicəsi digər xəstəliklərdən fərqli olaraq uzunmüddətli və mərhələli prosesdir:
“Bu xəstələrin müalicəsi təkcə əməliyyatla bitmir. Əməliyyatdan sonra şüa müalicəsi, radioterapiya və kimyaterapiya mərhələləri mütləq şəkildə aparılmalıdır. Bu baxımdan onkoloji yardımın yalnız dövlət xəstəxanalarının üzərinə düşməsi böyük yük yaradır”.
F.Museyibov vurğulayıb ki, qonşu ölkələrdə onkoloji xəstələr artıq həm dövlət, həm də özəl xəstəxanalarda müayinə və müalicə olunurlar və bu təcrübə müsbət nəticələr verir. Onun fikrincə, özəl tibb müəssisələrinin prosesə cəlb olunması həm erkən diaqnostikanı sürətləndirə, həm də müalicənin daha qısa müddətdə aparılmasına şərait yarada bilər.
“Azərbaycanda müasir avadanlıqlarla təchiz olunmuş, yüksək ixtisaslı tibbi personalı olan özəl klinikalar mövcuddur. Qanun qüvvəyə minərsə, bu həm pasiyentlər üçün rahatlıq yaradacaq, həm də onkoloji xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətini artıracaq”, – deyə həkim-onkoloq əlavə edib.
Qeyd edək ki, qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, onkoloji yardımın əlçatanlığı genişlənəcək və səhiyyə sistemində yükün balanslaşdırılmasına imkan yaranacaq.
Aynurə İsmayıl
KONKRET.az
