Sadıqov: “Sabah”ın oyunu ümid verir”

05.11.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah” UEFA Çempionlar Liqasının IV turunda “Vikinq”ə uduzdu – 1:4.

Azərbaycan milli komandasının sabiq məşqçisi Vaqif Sadıqov matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Məğlubiyyəti şərh edərdiniz.
– Bu nəticəni gözləmirdik. Buna baxmayaraq, komanda olaraq sona qədər mübarizə apardıq. “Sabah” matça yaxşı başladı, erkən qol vurdu. Düşünürdük ki, rəqib təzyiq göstərəcək və əks-hücumlardan fərqlənmək mümkün olacaq. Amma şansları dəyərləndirə bilmədik.

– “Sabah” pis oynamırdı, amma yekun fərqli alındı. Sizcə, oyunun qırılma anı nə oldu?
– İkinci hissədə yersiz vaxtda penalti və sonrasında Makkartinin qırmızı vərəqə alması həlledici amildir. Məncə, oyunun qırılma anı da məhz bu epizodlar oldu. “Sabah” rəqibindən çəkinmədi, sona qədər döyüşdü. Bu oyundan lazım olan nəticəni çıxaracaqlarına inanıram.

– Qarşıda 4 oyun var və rəqiblərin hər biri TOP-5 çempionatının nümayəndələridir…
– Növbəti rəqiblər çox güclüdür. Düşünürəm ki, “Sabah” komanda ruhunu göstərməli, azarkeşlərini yaxşı oyunla sevindirməlidir.

– Rəqiblər arasında “Vilyarreal” və “Napoli”dən xal almaq real görünür. Siz nə düşünürsünüz?
– Klubun rəhbəri də dedi ki, heç kimdən çəkinmirik. Rəqiblər nə qədər güclü olsa da, hər matç bir təcrübədir. Komandada hər kəs bunu başa düşür. Bu cür komandalarla mübarizə aparmaq asan deyil, amma “Sabah”ın oyunu ümid verir. Düşünürəm ki, “Vilyarreal” və “Napoli”dən xal almaq mümkündür.

– “Sabah”ın pley-off şanslarını necə dəyərləndirirsiniz?
– Əvvəldən bilirdik ki, pley-offa yüksəlmək çətin olacaq. Reallıqla barışmalıyıq, qarşımızda nəhəng klublar var. Hazırda TOP-5 çempionatlarının əsas komandaları “Sabah”ın rəqibləri arasındadır. Futbolda mümkünsüz heç nə yoxdur. Bəlkə də, iki qələbə onları pley-offa yüksəldə bilər. Futbolçular da bunu anlayır, dərk edir. Onların bütün güclərini ortaya qoyacaqlarına inanıram. Mövcud şanslardan maksimum istifadə etmək lazımdır.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью