futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir.
Qrup mərhələsinin II turunun matçları keçirilir və günün gündəmi Türkiyə yığmasının Paraqvaya məğlub olmaqla (0:1) qrupda qalmasıdır.
Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqovla “ay-ulduzlular”ın uğursuzluğu və dünya çempionatı oyunları haqda danışdıq:
– Mundialdan əvvəl qrupun favoriti göstərilən Türkiyə yığması iki oyunda məğlub olaraq, qrupda qaldı. Fikirləriniz nədir?
– Demək olar, kövrək vəziyyətdəyik. Meydandakı oyunla tablodakı nəticə bir-birini əks etdirmir. Sanki kabusdur. Ağır məğlubiyyət alıb, mundialla vidalaşdılar. Gözləntilər fərqli idi, düşünürdük ki, qrupdan çıxarlar, bir az da irəli gedərlər. İdmandır, hər nəticə olur.
– Sizcə, komandanın belə uğursuzluq yaşamasının səbəbi nədir və ya səbəbkarı kimdir?
– Türkiyə yığmasında yeni nəsil yetişir. Uğur gözlədiyimiz anda uğursuzluğun şahidi olduq. Komanda gücünə bələddir, gələcəkdə daha yaxşı ola bilərlər. Məncə, uğursuzluğa bəzi futbolçuların böyük turnir təcrübəsizinin az olması, bəzi məqamlarda tələskənlik, bəzi məqamlarda baş məşqçi seçimləri və s. amillərin rolu var.
– Mundial barədə təəssüratlarınız necədir və kimləri favorit görürsünüz?
– Çempionatda maraqlı oyunlar keçir. Sensasiyalı nəticələr də var, amma bunu çox da sürpriz kimi qələmə vermək olmaz. Afrika təmsilçiləri böyük beşlik ölkələrinin klublarındadırlar. İlk turlarda xoşuma gələn üç komanda var – Almaniya, İngiltərə və Fransa.
Görünür ki, “alman maşını” işini görəcək. Tuxelin rəhbərlik etdiyi ingilislər də güclü xorvatlara qarşı sürətli və təzyiqli futbol göstərdi. Məncə, onlar turniri qazanmağa real namizəd sayıla bilər. Dinamik futbol sərgiləyən Fransanı da qeyd etmək olar. Məzmunlu oyun sərgiləyirlər və onlar da favoritlər arasındadır. Amma nəzərə alaq ki, çempionat hələ indi qızışır, əsas matçlar qarşıdadır. Pley-off mərhələsində eynisəviyyəli rəqiblərin mübarizəsi olacaq. Bizi gərgin, intriqalı mundial gözləyir.
– Dünya çempionatı yeni formatda – üç fərqli ölkədə, 48 komandanın iştirakı ilə keçirilir. Təşkilati və digər məsələlər haqda fikirləriniz nədir?
– FIFA bu formatlı mundialla ismarıc verdi ki, hər komanda böyük hədəf üçün mübarizə aparıb, nail ola bilər. Üstəlik, dünya çempionatı ABŞ və İran arasında mühabirəni dayandırdı. Futbol göstərdi ki, bir nömrəli idman növüdür. Nə qədər desələr də ki, idman siyasətdən kənardır, yox. Bəzi xoş olmayan məsələlər var, viza problemləri, komandaların ciddi yoxlanışları və s. Amma mundial müharibəni dayandırıbsa, deməli, təşkilatçılıq da, planlar da yaxşıdır.
– Bir çox ölkə tarixində ilk dəfə dünya çempionatında əsas mərhələdə mübarizə aparır. Xüsusilə, özbəklər üçün hər oyun tarixdir. Onların potensialı haqda nə deyə bilərsiniz?
– Açığı, oyunlarını izləməmişəm. Amma Fabio Kannavaro kimi təcrübəli məşqçiləri var. Onlar komandalarını mundialda tanıtmağa çalışır. Debütantdırlar və çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Ümumiyyətlə, hər kollektiv sona kimi mübarizə aparmaq gücündədir.
Şahin Cəfərov