Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda nikah yaşı qanunvericiliklə müəyyən edilsə də, bəzi hallarda yetkinlik yaşına çatmayan şəxslərin toy mərasimlərinin təşkil olunduğunu müşahidə edirik.
Qanunla qadağan olunmasına baxmayaraq, bəzi ictimai iaşə obyektlərinin bu cür tədbirlərə şərait yaratması erkən evliliklərin artmasına dolayı yolla töhfə verir.
Şadlıq sarayları arasında apardığımız sorğu zamanı məlum oldu ki, bir qismində evlənəcək cütlüklərdən şəxsiyyət vəsiqəsi istənilsə də, bəzilərində buna ümumiyyətlə nəzarət edilmir.
Maraqlıdır, bəs görəsən, toy edəcək cütlüklərdən şəxsiyyət vəsiqələrini yoxlamaq şadlıq sarayları qarşısında tələb kimi qoyula bilərmi?
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, tədbir üçün rəsmi xidmət göstərilirsə (toy mərasimi, qeydiyyat, paket sifarişi və s.), bu zaman restoran yaşı statistika və ya hüquqi baxımdan soruşa bilər: "Hazırda Azərbaycanda rəsmi nikah yaşı qadınlar və kişilər üçün 18-dir, istisna hallar nəzərə alındıqda qadınların nikah yaşı 17 qəbul edilir.
Müəyyən xidmətlər (məsələn, alkoqollu içkilər, gecə proqramları) yaş məhdudiyyəti tələb edə bilər.
Hüquqi məsuliyyətdən yayınmaq üçün yetkinlik yaşına çatmayan şəxslərin iştirakı və ya evliliyi ilə bağlı qeyri-rəsmi və ya etik risklər restoranın imicinə zərər vura bilər".