Sağ qalmağı deyil, yaşamağı seçən nihilist pinqvin…

26.01.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial mediada yayılan videoda bir pinqvinin sürüsündən ayrılaraq təkbaşına buzlarla örtülü bir dağa doğru addımladığı geniş müzakirələr yaradıb. Digər pinqvinlər dənizə və qida mənbələrinə tərəf hərəkət etdiyi halda, onun tam əks istiqamətdə səssizcə uzaqlaşması izləyənləri dərindən təsirləndirir.

Alimlərin fikrincə, bu davranışın səbəbi böyük ehtimalla xəstəlik, istiqamət hissinin pozulması və ya ciddi instinktiv pozuntu ola bilər. Pinqvinlər sağ qalmaq üçün sürü halında yaşamalıdırlar; tək qalmaq isə demək olar ki, qaçılmaz ölüm deməkdir.

Video bir çoxları tərəfindən “yalnızlıq”, “imtina” və “səssiz vida” kimi şərh olunub. İnsanlar bu kiçik canlının qətiyyətli addımlayışında dərin bir kədər tapıblar. Hadisə bioloji bir vəziyyətin nəticəsi olsa da, görüntülər izləyənlərin duyğularına toxunmağı bacarıb.

Bu pinqvin arxasında cəmi bir neçə dəqiqəlik video qoydu, amma təbiətin nə qədər amansız və eyni zamanda nə qədər kövrək olduğunu xatırladan güclü bir iz buraxdı.

Sağ qalmağı deyil, yaşamağı seçən nihilist pinqvin…

Ahəng psixoloji inkişaf və dəstək ictimai birliyinin sədri, ailə uşaq psixoloqu Vüsalə Əmiraslanova Ölkə.Az-a açıqlamasında bildirib ki, pinqvinin sürüdən ayrılıb dağlara doğru getməsi və digərlərinə qoşulub yemək və həyatı lazım şərtləri, tələbatları ödəməyə vaxt sərf etməməsi insanlarda bir həssas duyğu yaradıb:

"Mən düşünürəm ki, burada əsas məsələ bəzi insanların bu səhnədən özləri üçün motivasiya götürməsidir, sürü psixologiyasından uzaqlaşıb öz həyatımızı qurmaq üçün cəhd etməyin mümkünlüyünü göstərir.

Bəzən bu tip videolar psixoloqlar və təlimçilər tərəfindən təlimlərdə istifadə olunur ki, hər kəsin öz yolu olduğu, hamının eyni yolla getməməli olduğu vurğulansın. Nədənsə bu videoda bəzi insanların fikirləri məni daha çox düşündürdü. Onlar bu səhnəni yalnızlığa çəkilmək, depressiya, heç kimə qoşulmamaq, asosial olmaq və ayrı yaşamaq istəyi kimi dəyərləndiriblər.

Amma məncə, bu videoda mətnaltı bir məna var: sonunun təhlükəli olduğunu bilsəm belə, öz gücüma inanaraq yoluma davam etmək. Heç kəsdən yardım gözləmədən, yalnız öz inancıma arxalanaraq məqsədimə doğru getmək və istədiyimi əldə edənə qədər çalışmağa, mübarizə aparmağa hazır olmaq.

Düşünürəm ki, burada əsas mesaj budur. Lakin insanların baxış bucaqları fərqli olduğu üçün bu görüntünü də fərqli cür anlayıblar. Axı bütün videolara, filmlərə və oxuduğumuz kitablara verdiyimiz şərh bizim baxış bucağımızdan və həmin andakı emosional durumumuzdan qaynaqlanır".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью