Şagird: Uğurun əsas şərti zəhmətdir

07.09.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 7 sentyabr, AZƏRTAC

Uğura gedən yol istedadla yanaşı, səbir və zəhmətdən keçir.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində 161 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fateh Rüstəmli söyləyib.

Şagird bildirib ki, hər hansı çətin məsələ ilə qarşılaşdıqda onu mümkün qədər tez həll etməyə çalışmır: “Çətin məsələ qarşısında sakit düşünməyə çalışıram. Çünki nəyisə tez həll etməyə cəhd göstərdikdə insan səhv etməyə daha çox meyilli olur. Buna görə də soyuqqanlı davranmağın və düzgün qərar vermək üçün düşünməyin vacib olduğunu düşünürəm”.

Fatih Rüstəmli uğur qazanmaqda həm istedadın, həm də zəhmətin rolunu vacib hesab edir: “İstedad da, zəhmət də lazımdır. Amma zəhmət çox olduqca uğurun da gələcəyinə inanıram”.

Müasir texnologiyaların imkanlarından da yararlanan Fatih süni intellekti gündəlik öyrənmə prosesində faydalı vasitələrdən biri kimi qiymətləndirir. O, “ChatGPT”, “Gemin”i və digər süni intellekt platformalarından istifadə etdiyini bildirib. Şagird əsasən texnologiya ilə bağlı mövzularda, ona aydın olmayan və ya əlavə araşdırmaya ehtiyac duyduğu məsələlərdə süni intellektə müraciət etdiyini deyib. Aldığı cavab onu qane etmədikdə isə digər mənbələrə müraciət edərək məlumatı müqayisə edir və daha doğru cavabı araşdırır.

Fatih Rüstəmli qarşısına qoyduğu məqsədlərin onun üçün əsas motivasiya mənbəyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər hansı iş ilk cəhddə alınmadıqda yenidən çalışmağa davam etməsinə səbəb məhz məqsədinə çatmaq istəyidir: “Məqsədim üzərində irəlilədikcə motivasiya oluram. Alınmayan işdən sonra dayanmaq yox, yenidən çalışmaq və məqsədimə çatmaq istəyirəm”.

Həmsöhbətimiz özünü hüquq və siyasət sahəsində görmək istədiyini bildirib. İdarəetməyə marağının olduğunu deyən Fatih gələcəkdə bu istiqamətlərdən birində fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub: “Gələcəkdə özümü daha çox hüquqşünaslıq və ya siyasi sahədə görürəm. İdarəetməni sevirəm və düşünürəm ki, bu istiqamətlərdə özümü inkişaf etdirə bilərəm”.

Müxbir - Tünzalə Arazlı

Fotoqraf - Tofiq Babayev

Videooperator - Ələkbər Baxşiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью