Şagirddən robota dönəndə... Məktəblərin “tək” problemi

25.11.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məktəblərlə bağlı hansısa mövzunu gündəmə gətirəndə, müzakirənin sonu gəlib şagirdlərdə dayanır. Sanki bu gün məktəblərin bircə problemi var – şagirdlər...

Deyirlər, şagird məktəbə düz gəlsin, eləcə də düz getsin. Nə danışsın, nə etiraz etsin, nə müəllimin dərsini pozsun, nə də özünü hansısa formada ifadə etsin. Çünki uşaqları məktəbdən, dərsdən, bəzən isə elə təhsilin özündən soyutmaq üçün hər cür yol axtarılır.

Çox hörmətli təhsil ekspertlərimizdən biri belə bir təkliflə çıxış edib:

"Bildiyimiz kimi müəllim şagirdə toxuna, irad bildirə, üstünə qışqıra bilməz. Ona görə də, 9-cu və 11-ci siniflərin buraxılış sənədlərində sinif rəhbəri və məktəb rəhbərliyi üçün şagirdin davranış və etik normalara riayət etmə səviyyəsini əks etdirən xüsusi qeyd bölməsi nəzərdə tutulmalıdır. Bu bölmədə əks olunan qısa, lakin mahiyyətcə əhəmiyyətli davranış qeydləri şagirdin gələcək akademik yolunda, xüsusilə ali təhsil müəssisəsinə qəbul mərhələsində nəzərə alına bilər. Bu mexanizm şagirdlərdə məsuliyyət hissini artıraraq onları təhsil müddətində müəllimlərə və məktəb mühitinə qarşı daha nəzakətli və nizam-intizamlı olmağa təşviq edər".

Sizi bilmirəm, amma bu fikir məndə ciddi qıcıq və narahatlıq yaratdı. Hətta bu təklifin nə vaxtsa reallaşa biləcəyini düşünmək belə istəmirəm. Çünki bu məsələyə yalnız cəmiyyətin bir üzvü kimi deyil, həm də bir şagirdin, oğlan uşağının anası kimi baxıram.

Mən heç vaxt övladıma "Sən robot ol, hisslərini gizlət, danışma, sual vermə, sadəcə deyilənləri et" deyə bilməmişəm. Bəli, buna görə o da danlanıb, mən də məktəbdən irad eşitmişəm. Amma cəmiyyətə faydalı insan kimi yetişdirməyə çalışdığım bir uşağa "Müəllim səninlə ünsiyyət qurmağa, səni anlamağa yox, sadəcə dərs keçməyə gəlib" deyə bilmirəm.

Ona "Gündə yeddi saat məktəbdə otur, danışmaq ehtiyacını boğ, suallarını özünə saxla, sadəcə dərsini oxu" demək mənim üçün mümkün deyil. Hədəflərimiz yüksək, arzuladığımız nəticələr böyük olsa da, övladıma yalnız yüksək bal toplamağın vacib olduğunu öyrətməmişəm. Çünki mənim üçün yaxşı insan yetişdirmək yaxşı nəticə göstərən şagird yetişdirməkdən heç də az əhəmiyyətli deyil.

Bəs illərdir təhsildən yazanlar, təhsilin içində olanlar niyə bunu düşünmürlər?

Bu təklif əslində nə deməkdir? Şagirdin davranışını qiymətləndirib gələcək təhsil imkanlarına təsir etmək? Uşağın məktəbdə özünü necə aparması onun akademik gələcəyinə təsir göstərməlidir?

Burada başqa bir sual da yaranır: Problem müəllimlərin psixoloji və pedaqoji bacarıqlarının yetərincə inkişaf etməməsindədir, yoxsa biz artıq məktəbdən robotlaşmış uşaqlar tələb edirik?

Axı hər uşağın xarakteri, dünyası, qavrama və özünüifadə forması fərqlidir. Elə uşaqlar var ki, güclü yaddaşı, iti zəkası, yüksək potensialı var, amma bir qədər tənbəldir, bir az dəcəldir, yerində çox dayana bilmir. Bu, onun pis insan, gələcəkdə yararsız və ya cəmiyyətə faydasız biri olacağı anlamına gəlirmi?

Əksinə, məktəb və müəllim məhz belə uşağın potensialını üzə çıxarmalı, onun enerjisini düzgün istiqamətə yönəltməli, bacarıqlarından istifadə etməyin yollarını öyrətməlidir. Uşağı olduğu kimi qəbul etmək, onun zəif tərəfləri ilə işləmək, güclü tərəflərini inkişaf etdirmək pedaqoji yanaşmanın əsasını təşkil etməlidir.

Biz isə indi başqa bir ifadə tapmışıq: "Valideyn uşağına tərbiyə verməyib, məktəb necə tərbiyələndirsin?"

Xeyr, əzizlərim, məktəb elə təlim və tərbiyə müəssisəsidir. Uşağın tərbiyəsində ailənin rolu danılmazdır, amma məktəbin və müəllimin də məsuliyyəti var. Əgər müəllim yalnız evdən hazır tərbiyə alıb gələn, sakit oturub deyilənləri dinləyən uşaqlarla işləmək istəyirsə, onda pedaqoji fəaliyyətin mahiyyətini bir daha düşünmək lazımdır.

Müəllim bu peşəni seçəndə kompüterlə deyil, uşaqla işləyəcəyini bilməli idi. Uşaq isə hazır qəlib deyil. Onun öz dünyası, öz maraqları, öz emosiyaları, bəzən də böyüklərin anlamadığı davranışları var. Müəllimin vəzifəsi həmin uşağı sındırmaq, susdurmaq, hamı ilə eyniləşdirmək deyil, onu anlamaq və inkişaf etdirməkdir.

Bəli, məhz ona görə müəllimdir ki, bir uşağın valideynləri savadlı, digərininki isə təhsilsiz ola bilər. Bir uşaq evdə diqqət və qayğı ilə əhatə olunur, digəri isə bəlkə də ilk dəfə məktəbdə özünü ifadə etmək, dinlənilmək imkanı qazanır. Məktəb bu fərqləri nəzərə almalı, uşaqlar arasında uçurum yaratmaq əvəzinə, onların inkişafına şərait yaratmalıdır.

Uşaqların davranışları və özünüifadə formaları fərqli ola bilər. Bəzi uşaqlar daha hərəkətli, enerjili, danışqan və fəal, digərləri isə sakit, təmkinli və qapalı xarakterli olurlar. Bu fərqlər onların cinsindən deyil, fərdi xarakterindən, temperamentindən və emosional ehtiyaclarından qaynaqlanır. Məktəb isə hər bir uşağı eyni qəlibə salmağa çalışmaq əvəzinə, onun fərdi xüsusiyyətlərini nəzərə almalı, özünü sərbəst ifadə etməsinə şərait yaratmalıdır

Bəs bütün bu qərarların sonunda uşaqlara hansı mesajı veririk? Sakit otur, danışma, etiraz etmə, özünü göstərmə, yoxsa davranışınla müəllimini narahat etsən, bunun izi gələcək təhsil sənədlərində qalacaq?

Belə yanaşma ilə ya uşaqları tədricən məktəbdən və təhsildən soyudacağıq, ya da onları öz fikrini ifadə etməkdən çəkinən, təşəbbüs göstərməyən, yalnız deyilənləri yerinə yetirən insanlara çevirəcəyik. Halbuki cəmiyyətin ehtiyacı susan, düşünməkdən çəkinən, hamı ilə eyni cür davranan insanlar deyil. Bizə sual verən, düşünən, etiraz edə bilən, fərqli fikri olan, yaradıcı və təşəbbüskar gənclər lazımdır.

Məktəblərdə bütün problemlərin mərkəzinə şagirdi qoymaq əvəzinə, bir dəfə də başımızı qaldırıb başqa tərəflərə baxaq. Uşaqların yaşına, maraqlarına uyğun olmayan dərsliklərə, formal şəkildə keçirilən, sadəcə "yola verilən" dərslərə, məktəbi şəxsi maraqların və qazancın məkanına çevirən direktor və müəllimlərə də nəzər salaq.

Bu yazını sona qədər oxuyub, əgər deyirsinizsə hə də, belə düşünən ananın uşağı da nə olacaq ki, deyirsinizsə, deyin, inciməyin, mən uşağımın uşaqlığını əlindən ala bilmərəm, lütfən siz də almağa çalışmayın...

Günay İlqarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью