Şagirdlər dərsləri planşetdən oxuyacaq AÇIQLAMA

22.01.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Dərslikdə bizim problemimiz var. Biz dərsliklərin rəqəmsallaşdırılması üzərində işləməliyik".

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, ümumiyyətlə, dərsliklərin rəqəmsallaşdırılması prosesi artıq dünyanın bir çox ölkələrində tətbiq olunur və uğurla da həyata keçirilir:

"Qardaş Türkiyədə də bunun nümunələrinə rast gəlmək mümkündür. Türkiyədə təxminən 10 ilə yaxındır ki, elektron və rəqəmsallaşdırılmış formada dərsliklərin tətbiqi həyata keçirilir. Şagirdlər elektron planşetlərə yüklənmiş proqramlar vasitəsilə dərs materiallarını mənimsəyir, öyrənir və oxuya bilirlər. Artıq ənənəvi kitab formatından tədricən uzaqlaşma müşahidə olunur".

Mütəxəssisin fikrincə, rəqəmsallaşdırılmış dərsliklərin həm müsbət, həm də mənfi tərəfləri var:

"Hesab edirəm ki, elektronlaşdırılmış, yəni rəqəmsallaşdırılmış kitabların müsbət cəhətlərindən biri şagirdlərdə texnologiyaya marağın artmasıdır. İstər-istəməz, şagirdlər elektron planşet vasitəsilə internetə qoşularaq müxtəlif məlumatlar əldə etmək imkanına malik olurlar. Eyni zamanda bütün fənlərin dərsliklərinin, sinif tapşırıqlarının və digər materialların bir cihazda toplanması şagird üçün böyük rahatlıq yaradır. Bu da onların gündəlik yükünü xeyli azaldır. Ağır çantalardan uzaqlaşmaq şagirdlərin sağlamlığı baxımından müsbət hal olmaqla yanaşı, valideynlərin bu istiqamətdəki narahatlıqlarını da aradan qaldırmış olur. Bundan əlavə, şagirdlər hər hansı bir yerə gedərkən, məsələn, metroda və ya avtobusda planşeti açaraq dərslərini oxuya, hazırlaşa və vaxtdan daha səmərəli istifadə edə bilirlər. Bu halı xüsusilə inkişaf etmiş ölkələrdə, məsələn, Yaponiyada və digər ölkələrdə aydın şəkildə görmək mümkündür. Şagirdlər ictimai nəqliyyatda planşetlər vasitəsilə dərs oxuyur və dərslərinə hazırlaşırlar. Bu təcrübə bizdə də tətbiq olunarsa, düşünürəm ki, müəyyən faydalar verə bilər.

Mənfi cəhətinə gəldikdə isə, nəzarətsiz qalan şagird planşetdən dərs oxumaq adı altında istifadə edərək müxtəlif sosial platformalarda vaxt keçirə bilər. Yəni valideyni aldadaraq dərs oxuduğu təəssüratını yaratsa da, əslində diqqətini sosial şəbəkələrə yönəldə bilər. Bu isə mənfi hal kimi qiymətləndirilə bilər. Məhz buna görə də valideynlər nəzarət mexanizmlərini düzgün şəkildə tətbiq etməli, şagirdlərin müsbət bir təşəbbüsü mənfi istiqamətə yönəltməsinə imkan verməməlidirlər".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью